Azərbaycanın diplomatik brendi: vasitəçilikdə “good offices” modelinə töhfəsi - Deputat


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində mühüm mövzulara toxunub. O bildirib ki, Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.
Bu təklif təkcə texniki bir ev sahibliyindən ibarət deyil, həm də Azərbaycanın beynəlxalq münaqişələrdə tərəfsiz, balanslı və konstruktiv siyasətinin təzahürü kimi qiymətləndirilə bilər. Qafqazın geosiyasi mərkəzində yerləşən Bakı artıq bir neçə dəfə diplomatik dialoqların və humanitar təşəbbüslərin ünvanı kimi çıxış edib. İndi isə sual yaranır: Azərbaycanın bu təşəbbüsünə Rusiya və Ukrayna tərəfləri necə yanaşacaq? Bu girişim münaqişənin yumşalmasına real töhfə verə bilərmi, yoxsa sadəcə yaxşı niyyətin nümayişi olaraq qalacaq?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanın regional və qlobal miqyasda cərəyan edən hadisələrə münasibətdə tərəfsiz siyasət yürütməsi və obyektiv mövqe sərgiləməsinin əsasında beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə hörməti dayanır. Eyni zamanda beynəlxalq münasibətlər sistemində, dövlətlərarası münasibətlərdə dəyərlərə və onların qorunmasına verdiyi önəmdən irəli gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məqamlarla bağlı müxtəlif forumlardakı çıxışlarda həmişə dövlətimizin prinsipial və ədalətli mövqeyini, beynəlxaql müstəvidə qazandığı etimadı vurğulayıb. Biz müəyyən mənada Azərbaycanın vasitəçilikdə “good offices”, yəni xoşməramlı xidmətlər modelinə töhfəsini Bakının diplomatik brendi kimi də xarakterizə edə bilərik.

Prezidentin köməkçisi Hikmət Hacıyev 26 iyul tarixində Almaniyanın “Berliner Zeitung” qəzetinə verdiyi müsahibədə Azərbaycanın vasitəçilik missiyası barədə öz fikirlərini bildirmişdir. O, ölkəmizin indiyəqədər müxtəlif tərəflər arasında bitərəf vasitəçilik platforması təqdim etdiyini vurğulamışdır. Misal olaraq İsrailin Türkiyə və Suriya ilə danışıqları üçün rəsmi Bakının təqdim etdiyi platformanın əhəmiyyəti qeyd olunmuşdur. Bundan əvvəl isə raketdən müdafiə sistemləri ilə bağlı ABŞ-Rusiya hərbi komandanlıqları arasında olan danışıqlar, eləcə də NATO-Rusiya arasında olan danışıqlarda da Bakının ev sahibliyi etməsini qeyd etmişdir. Digər maraqlı və diqqəti cəlb edən məqam Hikmət Hacıyevin vurğuladığı - “Bakıda baş tutan digər səssiz çoxsaylı diplomatik fəaliyyətlər”lə bağlı olmuşdur. Deməli həm yerli, həm də xarici mətuatda çox az məlumata rast gəlinən digər “xoşməramlı xidmətlər” və ya xoşniyyətli vasitəçilik təcrübəsi də var”.

Deputat həmçinin bildirib: “Vasitəçilik beynəlxalq münasibətlər sistemində mübahisələrin və münaqişələrin sülh yolu ilə həllində qəbul olunmuş ən güclü instrument hesab edilir. Hətta BMT nizamnaməsinin altıncı fəsli bütünlüklə vasitəçiliklə bağlı məsələlərə həsr olunub. Vasitəçilik müxtəlif növlər və ya formalarda həyata keçirilir – dialoqun təşkili, etimadın yaradılması, tərəflər arasında platformanın təqdim olunması, aktiv vasitəçilik formasında kompromislərin hazırlanması, tərəfləri həmin kompromislərə getməyə məcbur etmək v.s. Belə ki vasitəçilik missiyası müxtəlif formalarda həyata keçirilir. Ən geniş yayılan platformalardan biri vasitəçiliyin xoş niyyətli xidmətləridir. Buna ingiliscə “good offices” deyilir. Buna ən əyani misal Birləşmiş Ərəb Əmirliyi tərəfindən həyata keçirilən xoşməramlı xidmət sayəsində Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan danışıqlar olmuşdur. Birləşmiş Əmirliklərin təqdim etdiyi Əbu-Dabi platformasında nümayəndə heyətləri ikitərəfli daşıqları vasitəçisiz apardılar.

Hikmət Hacıyev müsahibəsində bu məqamı vurğulayıb ki, biz vasitəçilik üçün açığıq, amma bunun üçün müraciət edilməlidir. Bu gün Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim edən və müəyyən mənada aktiv vasitəçilik həyata keçirən qardaş və strateji müttəfiqimiz Türkiyədir. Burada biz Türkiyə XİN, digər qurumlar, hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik səylərini görürük. Qardaş Türkiyə ondan asılı olanları yerinə yetirməklə vasitəçilik səylərinin öhdəsindən çox profesionallıqla gəlir. Azərbaycan Türkiyə ilə xarici siyasət daxil olmaqla, bir çox strateji məsələlərdə lazım gələn məqamlarda sinxronlaşdırılmış və nəticəyönümlü fəaliyyət həyata keçirir”.
Aknews.az

Xəbərlər