Vasif Talıbovun oğluna bağlanan "Nəqşicahan Holdinq" bağlandı — Yarım milyonluq VERGİ BORCU VƏ PASSİV STATUS


Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında uzun illər monopol mövqeyə malik olmuş nəhəng kommersiya qurumlarından birinin fəaliyyətinə faktiki olaraq xitam verilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, "NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPU" Məhdud Məsuliyyətli Cəmiyyəti bağlanıb və vergi ödəyicisinin fəaliyyəti rəsmən passivləşdirilib.
Yarım milyona yaxın vergi borcu və 500 minlik kapital

Əldə etdiyimiz digər məlumata görə, fəaliyyəti passiv olunan holdinqin dövlət büdcəsinə külli miqdarda maliyyə öhdəliyi yaranıb. Belə ki, 500.000 AZN nizamnamə kapitalına malik olan "Nəqşicahan Holdinq"in hazırda dövlət qarşısında 479.848,64 AZN (yarım milyon manata yaxın) vergi borcu mövcuddur.


Hüquqi ünvanı Naxçıvan şəhəri, N.Əliyev küçəsi, ev 1 olan holdingin hazırkı qanuni təmsilçisi Vüsar Məmmədov Məmməd oğludur.


Rəhbərlik tarixi və təyin olunan şəxslər

Rəsmi registr göstəricilərinə əsasən, holdingin fəaliyyət dövründə rəhbər şəxsləri və nizamnamə kapitalı dəfələrlə dəyişib. Müəssisəyə ilk olaraq 2007-ci il martın 1-dən Nəriman Əliyev rəhbərlik edib. 2010-cu il mayın 7-də nizamnamə kapitalı 10.000 manat təşkil etdiyi halda, 2011-ci il dekabrın 29-da kapital kəskin artırılaraq 500.000 manata çatdırılıb və qanuni təmsilçilik Vüsal Talıbova həvalə olunub. Daha sonra müxtəlif illərdə rəhbərlikdə Gündüz Məhərrəmov (2013), Oqtay Əsədov (2014), Abbas Talıbov (2017) və Mübariz Vəliyev (2018 və 2020) təmsil olunublar. 2023-cü il yanvarın 9-dan isə qanuni təmsilçilik Vüsar Məmmədova keçib.


Xatırladaq ki, "Nəqşicahan Holdinq" uzun illər boyu Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun adı ilə bağlanıb və ona məxsus biznes imperiyasının əsas dayaqlarından biri hesab olunub. Holdinqin topladığı bu böyük məbləğdə vergi borcu muxtar respublikadakı "toxunulmaz" şirkətlərin yeni iqtisadi reallıqlar fonunda qarşılaşdığı maliyyə çətinliklərinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Aknews.az

Xəbərlər