Bu insanların çoxu eyni qanı daşıdıqlarımızdır. Anamız, atamız, bacı, qardaşlarımız, uşaqlarımız. Onların canına dəyən zərbə bizim də qəlbimizi yaralayır. Sevincləri halımıza şəfəq səpələyir. Hər kəsə arzularımız içində onların xoş günü önəmli yer tutur.
Bu yaradılış həyat anlamımızın ecazkar təmsilidir. Tək qalmaq dünyanın yoxluğudur. Tək yaşayanlar belə qəlblərinə yaxın insanların təmasına dirsəklənir. Tək özünü fikirləşən insan yer üzündə yoxdur. Ən pis hesab etdiyimiz insanların belə qəlbini fəth edənlər var.
Dünya, həyat, ömür qarşılıqlı təmasdan var olmuş. Bütün yaradılanların yaşam səbəbi var. Əsrlər boyu bizə agah olmayan bu yaradılış fərqli yaşam təzahürlərini özündə birləşdirir.
İnsanlar niyə fərqlidirlər?
Bu imtahan dünyasının əsası olmaqla yanaşı, dünya təzahürlərinin özünəməxsus fərqliliyindəndir.
İnsanları nahaq yerə dünya yaradılışlarının fərqli durumu ilə müqayisələndirmirlər.
“Onun dağ boyda ürəyi var”, “Qız, üzündə güllər açmış", Xeyir ola?”, ”Sən mənim qəlbimə sərin su səpdin”, “Vurub ağzını partladaram”, “Get, cəhənnəm ol”, “Heyvan oğlu, heyvan”, “Çıx get, havamızı çirkləndirmə”, “Gözlərinin suyu yağışa döndü”, “İt kimi hürmə”, “Dünya başıma fırlandı”...
Bayaq yazdığım özünəməxsus fərqliliyin anlamı özümə də çətin oldu.
Özünəməxsus nə demək? Ümumiyyətlə bu sözün yaranışının əksinəyəm.
Bizə məxsus yalnız ruhumuzdur. Hətta onu da verən Allahdır və bir gün canımızdan qoparılacaq.
Özünəməxsus sözünün müzakirəsi uzun çəkər. Onu başqa yazıya saxlayaq...
Bircə onu deyə bilərəm ki, mənim fikrimcə, bu söz insan toplularını həyat anlamının çətin yollarında qoyur. Çox özümüzdən razı olmayaq...
Hələlik...
Sənubər Səhər.
Aknews.az