Balakən rayonunda baş verən hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Rayon sakini, Qarabağ müharibəsi əlili Rafiq Mustafayev qızının müəmmalı ölümü ilə bağlı keçmiş kürəkəni və onun ailəsini ittiham edir.
Rafiq Mustafayevin sözlərinə görə, qızı Nermin Mustafayeva ölümündən iki gün əvvəl hələ qızı sağ ikən Zaqatala yerləşən özəl Klinikada tibbi müayinədən keçib. Müayinənin nəticələrində beyin travması, sol oksipital hematom (beyin daxilində qan yığılması) və mukozal qalınlaşmalar aşkarlanıb. Ata bu nəticələrin qızının döyülməsi faktını təsdiqlədiyini bildirir.
Hadisə Balakən rayonunda baş verib. Qarabağ əlili Rafiq Mustafayev iddia edir ki, qızı keçmiş həyat yoldaşı Mahir Mustafayev və onun ailəsi tərəfindən döyülərək ağır xəsarətlər alıb, lakin Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva ölüm səbəbini “pnevmoniya” kimi göstərərək cinayət faktını gizlədib.
Ata deyir:
“Qızım iki gün əvvəl Zaqatalada müayinə olunmuşdu. Həkimlər beynində qan yığılmasını aşkarlamışdılar. O, sağ idi, sadəcə döyülmüşdü. Amma Balakəndə ölümündən sonra Dilbər Quliyeva ‘pnevmoniya’ diaqnozu yazaraq cinayəti ört-basdır etdi. Qızımın qanını basdırdılar.”
Rafiq Mustafayev vurğulayır ki, 2023-cü ildən bəri bu məsələ ilə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb.
Qeyd edək ki, Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva, Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşının həyat yoldaşıdır.
BakuNews.az
Aknews.az