Son zamanlar ardıcıl baş verən dəhşətli qadın cinayətlərinin şahidi oluruq. Əsas səbəblərdən biri olaraq isə ya qadınların boşanma istəyi, ya da sübuta yetirilməmiş xəyanət iddiası göstərilir... İstənilən halda bütün bunların cəzası həqiqətən ölümdürmü? Bu haqqı kişilərə kim verir? Qadının həyatı bu qədərmi ucuzlaşıb? Ərinin dibindən ayrılan, yaxud illərlə çəkdiyi zülümdən təngə gəlib bu qərarı alan hər qadının yaşama sansı əlindən alınacaqsa, irəlidə bizləri nə cür cəmiyyət gözləyir?
Azmedia.Az olaraq son günlərdə hər kəsi narahat edən bu mövzu barəsində psixoloq Nərmin Ağayevanın fikirlərini aldıq... Kişilərdə "cəza kəsmək" anlayışını, ayrılığı qəbullana bilməmə və bunun altında yatan əsas psixoloji səbəbləri birdə peşəkar dilindən eşidək:
Boşanma sonrası kişilərin psixoloji dağılması — Bu əslində susdurulan duyğuların partlayışıdır...
Boşanma təkcə iki insanın ayrılığı deyil. Bəzən bir kişinin özünə inamının, mənlik dəyərinin və emosional tarazlığının da dağılmasıdır. Bu dönəmdə bir çox kişi nə baş verdiyini anlamır, amma içində hər şey partlayır — çünki bu ağrını ifadə etməyi heç vaxt öyrənməyib.
“Mən kiməm indi?” — Bu kimi suallar kişilərdə kimlik boşluğu və eqo sarsıntısı yaradır
Boşanma sonrası kişi mənlik strukturu ilə üz-üzə qalır. İllərlə “ata”, “ər”, “ailə başçısı” rolu ilə özünü tanıdan biri indi “boş” hiss edir. Bu, klassik identitet krizidir — insan özünü itirir və yenidən tapmağı bacarmır. Nəticə: daxili boşluq, aqressiya, qısqanclıq, bəzən də zorakı davranış. Əslində bu zorakılıq qadına yox, öz acizliyinə yönələn aqressiyanın proyeksiyasıdır.
Emosional korluq – Bu hal kişilərin səssiz travması kimi tanınır
Uşaqlıqdan “kişilər ağlamaz”, “sakit ol”, “güclü ol” mesajları almış bir insan duyğusunu tanımağı öyrənmir. Sonra həyat bir zərbə vurur — boşanma. O zaman həmin kişi ağlaya bilmir, danışa bilmir, sadəcə partlayır. Bu vəziyyət emosional tənzimləmə pozuntusu, alexithymia, narsisistik travma ilə müşahidə olunur.
Tətbiq edilən metodlar:
* Koqnitiv Davranış Terapiyası (KDT) — avtomatik düşüncələrin dəyişdirilməsi
* Emosional Fokuslu Terapiya (EFT) — duyğuların tanınması və adlandırılması
* Mindfulness və bədən yönümlü terapiyalar — ağrı ilə əlaqə qurmaq, emosiyanı bastırmamaq
Cəmiyyətin susqun zorakılığı
Biz kişiləri duyğusal savadsızlığa məhkum etmişik. O ağlayanda “zəif”, susanda “soyuq”, danışanda “emosional” deyirik. Sonra da o kişi nə hiss etdiyini anlamadan emosiyanı davranışla ifadə edir – bəzən şiddətlə, bəzən cinayətlə. Burda məsələ təkcə fərddə deyil, emosional savad səviyyəsi aşağı olan cəmiyyətdədir. Biz duyğuların dilini öyrətmirik, sonra duyğuların qışqırığını cinayət xəbərlərində eşidirik.
Maarifləndirmə və psixoloji müdaxilə istiqamətləri:
* Kişilərdə emosional savad proqramlarının tətbiqi (məktəblərdən başlayaraq)
* Boşanma sonrası emosional reabilitasiya qrupları
* Media və sosial şəbəkələrdə “kişilik” anlayışının yenidən formalaşdırılması
* Psixoloqlar üçün travma sonrası adaptasiya və duyğu tənzimlənməsi təlimləri
Boşanma sonrası zorakılıq, nə qadının günahıdır, nə də kişinin xasiyyəti.
Bu, illərlə susdurulmuş duyğuların intiqamıdır. Cəmiyyət duyğusunu danışa bilməyən kişilər yetişdirir, sonra onların qışqırığını “cinayət” kimi görür. Əslində isə bu, bir emosional partlayışın səsidir və biz o səsi terapiyada, anlayışda və maarifləndirmədə eşitməliyik, məhkəmə zallarında yox...
Aknews.az