Dünən Mikayıl İsmayılovun oğluna qalib gəldi, bu gün isə...


Əldə etdiyimiz son məlumata görə, Fidan Abbasova artıq azadlığa buraxılıb. Onun anlaşmazlıq nəticəsində saxlanıldığı məlum olub və sərbəst buraxılıb.
***

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə illərdir davam edən atalıq və aliment mübahisəsindən qalib ayrılan Fidan Abbasova bir az əvvəl saxlanılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

Fidan Abbasova bildirib ki, polis əməkdaşları ona yaxınlaşaraq hansısa "axtarış işi" ilə bağlı Xətai Rayon Polis İdarəsinə aparılacağını deyiblər.

Dünən Mikayıl İsmayılovun oğluna qalib gəldi, bu gün isə...


Saxlanılan qadın başına gələnləri birbaşa dünənki məhkəmə qələbəsi ilə əlaqələndirir:

"Mən hər hansı bir cinayət törətməmişəm, heç kimdən gizlənməmişəm. İllərdir məhkəmə qapılarındayam, ünvanım da, telefonum da bəllidir. Dünən Ali Məhkəmədə haqq-ədalət yerini tapdı, bu gün isə məni guya axtarışda olmağım bəhanəsi ilə saxlayıblar. Bu, açıq-aşkar təzyiqdir və dünənki qərara görə məndən qisas almaq cəhdidir".

Fidan Abbasovanın hazırda ən böyük narahatlığı isə 11 yaşlı qızı Nilin taleyi ilə bağlıdır. O, göz yaşları içində övladının hazırda dərsdə - hazırlıqda olduğunu və onu oradan götürəcək heç kimin olmadığını bildirib:

"Uşaq hazırlıqdadır, dərsi bitəndə onu götürməli idim. İndi uşaq küçədə, dərsdə tək-tənha qalacaq".


Qeyd edək ki, ictimaiyyətin diqqət mərkəzində olan bu qalmaqallı məhkəmə çəkişməsi dünən Ali Məhkəmədə yekunlaşmışdı. Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən iclasda Orxan İsmayılzadənin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.

Məhkəmə materiallarına əsasən, Fidan Abbasova və Orxan İsmayılzadə 2012-ci ilin mayından 2016-cı ilin sentyabrına qədər faktiki nikah münasibətlərində olublar. Cütlük əvvəlcə Bakıda, daha sonra isə O.İsmayılzadənin Almaniyanın Münhen şəhərindəki evində birlikdə yaşayıb, müxtəlif ölkələrə səyahət edib (bu faktlar pasportlardakı sərhəd-keçid möhürləri ilə də sübuta yetirilib).

2015-ci il mayın 5-də onların Nil adlı qızları dünyaya gəlib. Lakin F.Abbasovanın iddiasına görə, Orxan İsmayılzadə valideynlərinin – xüsusilə atası Mikayıl İsmayılovun narazılığı və fiziki təzyiqi səbəbindən övladına soyadını verməkdən imtina edib.

2017-ci ildə Sabunçu Rayon Məhkəməsində başlayan prosesdə F.Abbasova aldadılaraq iddiasını geri götürsə də, 7 il sonra – 2024-cü ildə işə yenidən baxılıb. Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə O.İsmayılzadənin atalığı tanınıb və aylıq 2 min manat aliment kəsilib (sonradan apellyasiya instansiyası bu məbləği 500 manata endirib).


Diqqətçəkən məqam odur ki, bütün məhkəmə prosesləri boyu Orxan İsmayılzadə iclaslara qatılmayıb və DNT ekspertizasından keçməklə bağlı müxtəlif instansiyaların çıxardığı düz 5 məhkəmə qərarının (sonuncu dəfə 2026-cı ilin yanvarında hakim İkram Şirinovun qərarı ilə) icrasından yayınıb. Hətta o, təyin edilmiş alimenti ödəmədiyi üçün məhkəmə qərarı ilə ölkədən çıxışına "stop" qoyulduqdan sonra borcunu ödəməyə məcbur olmuşdu.

Aknews.az

Xəbərlər