“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İmişli dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində yol dəyişənlər üçün dəmir beton tirlərin satın alınması məqsədilə keçirilmiş açıq tenderə yekun vurulub. Tenderin nəticələrinə əsasən, “ALAT SHPAL” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir. Həmin şirkətlə ƏDV daxil olmaqla 868 480 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 13.11.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilə bağladığı MMC ətarafında apardığımız araşdırmada maraqlı məlumatlar ortaya çıxdı.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “ALAT SHPAL” (VÖEN: 1703693521) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.11.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SƏBAİL RAYONU, NEFTÇİLƏR PR., ev.93, m.27, qanuni təmsilçisinin isə Hüseynov Vidadi Xanoğlan oğlu olduğu qeyd edilib.
MMC-nin ilk qanuni təmsilçisi Cəfərli Eldəniz Arif oğlu olub. Daha sonra Orucov Əli İslam oğlu və Hüseynov Qulamhüseyn Paşa oğlu müxtəlif vaxtlarda MMC-yə qanuni təmsilçilik ediblər. “ALAT SHPAL” MMC-nin hazırda dövlətə 106 825.97 manat vergi borcu var.
Dövlət Vergi Xidmətinin məlumatlarından göründüyü kimi “ALAT SHPAL” MMC 13.11.2023-cü ildə qeydiyyata alınıb. Açıq mənbələrdə isə MMC yaradılma tarixi daha əvvəlki illərdə olduğu bildirilir. .
“Azərtac”ın hələ 2007-ci ildə yaydığı məlumata görə Prezident İlham Əliyev avqustun 23-də Qaradağ rayonunun Ələt qəsəbəsində “Azərinşaatservis” MMC-nin şpal zavodu ilə də tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilib ki, dəmir yollarının tikintisində və təmirində istifadə edilən əsas materiallardan biri də dəmir-beton şpallardır. İndiyədək bu məhsula ölkəmizin tələbatı idxal yolu ilə təmin edilirdi. Bu isə vaxt itkisinə və artıq xərclərə səbəb olurdu. Artıq respublikanın şpala olan tələbatını bu zavod ödəyir.
Dövlətimizin başçısına həmçinin bildirilib ki, şpal zavodunun tikintisinə 2005-ci ildə başlanmış və keçən ilin sonunda başa çatdırılmışdır. Ümumi dəyəri 4,2 milyon manat olan bu zavod Qafqaz və Xəzər dənizi hövzəsi ölkələrində müasir standartlara cavab verən yeganə müəssisədir. Zavodun bütün avadanlığı Almaniyanın Walter Beton GMBH şirkətindən alınmışdır.
Mediada yayılan məlumatlarda Ələt Şpal Zavodunun nəqliyyat nazirinin b(o dövrdə) maliyyə imperiyasının tərkibinə daxil olduğu, formal olaraq “Azərinşaatservis” MMC adlı bir quruma tabedir. Həmin MMC-yə də Ziya Məmmədovun sirli ortağı Bülənd Karani adlı şəxs rəhbərlik edir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “AZƏRİNŞAATSERVİS”(VÖEN: 1700233351) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 24.11.2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb. VÖEN 17.11.2004-cü ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 9 585 786.87 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ƏCƏMİ NAXÇIVANİ, ev.57C, MƏHƏLLƏ 3105-dir. Reyest məlumatlarında MMC-nin qanuni təmsilçisinin 31.08.2017-ci ildən Hüseynov Vidadi Xanoğlan oğlu olduğu, hazırda isə qanuni təmsilçisinin olmadığı göstərilir. MMC-nin hazırda dövlətə 53 812.39 manat vergi borcu var.
Göründüyü kini “Azərinşaatservis” MMC-nin qanuni təmsilçisi olmuş Hüseynov Vidadi Xanoğlan oğlu hazırda həm də “ALAT SHPAL” MMC-nin direktorudur.
Reyestr məlumatlarında MMC-nin nizamnamə kapitalı 100 manat, ilk hüquqi ünvanı XARICI ÖLKƏ, ilk qanuni təmsilçisi isə KARANİ BÜLENT HAMİT ÖZER kimi göstərilib. Yalnız 2008-ci ilin dekabrından hüquqi ünvan BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, İSTİQLALİYYƏT, ev 15 göstərilib. 2013-cü ilin yanvarından 2016-cı ilin may ayına qədər “Azərinşaatservis” MMC-nin qanuni təmsilçisi ASLANOV VÜSAL YUSİF OĞLU olub.
Məlum olduğu kimi Vüsal Aslanov hazırda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Onun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.
Göründüyü kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sabiq nəqliyyat naziri Ziya Məmmədovun xeyir duası ilə yaradılmış, fəaliyyəti şübhələrlə dolu, vergi borcu olan bir MMC ilə müqavilə bağlayır. Belə çıxır ki, Ziya Məmmədovun bir əli hələ də “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərindədir. Maraqlıdır, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovu sabiq talançılarla nə kimi tellər bağlayır. Vergi borcu olan “ALAT SHPAL” MMC ilə müqavilə bağlamaq onun təşəbbüsüdür, yoxsa Ziya Məmmədovun sifarişi…
Aktualinfo.net
Aknews.az