Fövqəladə hallar naziri Kamaləddin Heydərov Qəbələdə Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı iddialara münasibət bildirib.
Heydərov gununsesi.info-ya Qəbələdə Mehdiyevə əmlak və başqa bir hədiyyə etmədiyini deyib:
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin dəyəri yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
Kəmaləddin Heydərov “gününsəsi”nə deyib ki, bu iddianı “bekar adamlar” yayır.
Xatırladaq ki, yerli mənbələr iddia edir ki, qala kimi imarət Qəbələdə abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı illərdə- 2010-cu illərdə inşa edilib. Bildirilir ki, həmin dövrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun şəxsi göstərişi ilə tikinti həyata keçirilib və sonradan Ramiz Mehdiyevə hədiyyə olunub. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki sakinlər illərdir həmin versiyanın dolaşdığını bildirirlər. Onların sözlərinə görə, Mehdiyev villaya yalnız ildə bir dəfə, əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Aknews.az