“David Seliverstov”un Bakıda böyük dələduzluğu üzə çıxdı – DANIŞIR ZƏRƏRÇƏKƏN YOSEFA EYXEL!


“David Seliverstov” barəsində yazılanları oxuyanda anladım ki, bizə qarşı böyük bir cinayət törədilib!”
Musavat.com-a açıqlamasında Yosefa Eyxel belə deyib.

Onun sözlərindən bəlli olur ki, 2010-cu ildə İsraildə həyat yoldaşı David Eyxellə birgə “Beer David” İnkişaf Mərkəzinin təsis edərək fəaliyyət göstəriblər. Mərkəz xüsusi qayğıya ehtiyacı olan autizm, uşaq serebral iflici və s. xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün qeyri-ənənəvi terapiya xidmətləri göstərib. 2023-cü ildə İsraildə baş verən hadisələrdən sonra “Beer David”(“David Seliverstov”a heç bir formada aidiyyatı yoxdur, sadəcə David adı üst-üstə düşür – E.M.) İnkişaf Mərkəzinin Bakıda filialını açmaqla fəaliyyətlərini burada davam etdiriblər. Elə o zamandan da Bakıda sistemli şəkildə soyğunçuluq və psixoloji təzyiqlərə məruz qalıblar.

“David Seliverstov”un Bakıda böyük dələduzluğu üzə çıxdı – DANIŞIR ZƏRƏRÇƏKƏN YOSEFA EYXEL!

Yosefa Eyxelin sözlərinə görə, 2023-cü ilin yayında Bakıdan İsrailə müalicə üçün övladını gətirən bir ananın vasitəsilə Şakir adlı şəxslə tanış olurlar. Şakir onları Bakıya dəvət edərək burada böyük müştəri bazası, reklam və hərtərəfli dəstək vəd edib. İsraildəki 7 Oktyabr 2023-cü il hücum və başlayan müharibədən sonra mərkəzə gələn xarici ailələr ölkəni tərk edib. Maliyyə çətinliyinə düşən “Beer David” təsisçiləri olan Eyxellər Bakıya gəlmək və yarımçıq qalmış kursları burada tamamlamaq qərarına gəlirlər.

Ancaq Bakıda onları böyük bir tələ gözləyib. Gəldikdən sonra Viktoriya Xaçirova adlı qadın və Şakir adlı şəxs onları hədələyərək psixoloji təzyiq altında saxlayıblar. Şəhərə çıxmağa, sərbəst hərəkət etməyə belə qorxan xarici mütəxəssislərə təlqin olunub ki, “Azərbaycanda qanun yoxdur, hər şey rüşvət və tapşırıqla həll olunur”.

2024-cü ilin mart ayına qədər bu təzyiq altında yaşayan Yosefa Eyxel, nəhayət, müstəqil vəkil tutaraq İsraildəki şirkətlərinin rəsmi filialını Bakıda açır və qanuni fəaliyyətə başlayır. Lakin əsl qalmaqal bundan sonra alovlanır.

2025-ci ilin avqust-sentyabr aylarında mərkəzə qarşı qəfildən qarayaxma kampaniyası başlayır. Sosial şəbəkələrdə uydurma məlumatlar yayıldıqdan sonra “David Silvestrov” səhnəyə çıxır. O, mərkəz rəhbəri olan Eyxellərə bildirir ki, onları “Magen David” təşkilatının rəhbərlərindən olan şəxs təcili çağırır.

Yosefa Eyxelin “Magen David”in Bayıldakı ofisində, “David Seliverstov”un kabinetində baş tutan görüşdə onlar ağır təzyiqlərə məruz qalıblar. “Kabinetdə “David Silvestrov”, deputat vardı. Orada bizə qışqıraraq, ən sərt formada deyilib ki, İsraildən və Ombudsman aparatından barələrində şikayət var, guya hansısa bir uşağı ağır vəziyyətə salıblar. Əllərində sənəd tutub guya həmin sənəddə zərərçəkmiş uşaqla bağlı məlumatlar olmasını desələr də, sənədi Eyxellərə oxumağa, məzmunu ilə tanış olmağa verməyiblər. Biz sənədləri görmək istədikdə sadəcə qırmızı qovluğu açıb oradan nələrsə oxuyurdu. Əgər Azərbaycanda işləmək istəyirsinizsə, doğru adamlarla işləməlisiniz deyirdi”, deyə Yosefa Eyxel bildirib.

Onun sözlərinə görə “David Silvestrov” onlara vəkil kimi təqdim olunub: “Bu açıq-aşkar reket idi, bizə “krışa” tələbi qoydular. Başqa çarəmiz də yox idi. Məcburi şəkildə, iradəmizdən kənar “David Seliverstov”la razılaşmalı olduq. Uydurulmuş şikayətlər və həbs təhdidləri fonunda, müxtəlif adlar altında külli miqdarda pullarımız mənimsənildi. “David Silvestrov” tərəfindən bizim hesabdan “Magen David”in hesabına vergi borcu bəhanəsi ilə 40 min manat, daha sonra isə əlavə 20 min manat köçürülüb. Bizə qarşı davam edən uydurma iddiaları bağlamaq üçün 15 min manat və 7 min avro nağd pul “David Seliverstov” tərəfindən alınıb”.

Yosefa Eyxel deyir ki, “David Seliverstov” min bir bəhanə ilə onlardan ümumilikdə 200 min manatdan artıq pul alıb: “Günlərin birində dedi ki, “Beer David”in Bakıda fəaliyyət göstərən filialına tibbi fəaliyyət üçün lisenziya alınmalıdır. Bunun üçün təcili olaraq Azərbaycan Səhiyyə Nazirliyindən lisenziya alınması üçün 65 min manat, əlavə olaraq guya nazirliyin rəsmi depozitinə 70 min manat qoyulmalı olduğunu dedi. Yerləşdiyimiz bina yaşayış fonduna aid olduğunu bildirərək binaya uydurma “nazirlik yoxlaması” gətirdi, orada guya yoxlama aparılması görüntüsü yaratdı. Ona görə də əlavə pul aldı”.


İsrail vətəndaşı olan Eyxellər 3 il ərzində Azərbaycanda davamlı olaraq “hüquq-mühafizə orqanları və prokurorluq rüşvətxordur”, “sizi ölkədən qovdurarıq” hədələri ilə qorxudulduqlarını, bu səbəbdən indiyədək rəsmi orqanlara müraciət etməyə cəsarət etmədiklərini bildiriblər. “David Seliverstov” ifşa olunduqdan sonra onlar üzləşdikləri dələduzluqlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda onların müraciətləri araşdırılır.

Mövzunu diqqətdə saxlayacağıq.


Aknews.az

Xəbərlər