Üzlərlə şəhidin xatirəsinə həsr olunan gündə çal-çağırlı konsert təşkil edən “Səhra Baku” restoranı fəaliyyətini yenidən bərpa etdi


Bir vaxtlar Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində fəaliyyət göstərən və adı müxtəlif qalmaqallarda hallanan “Səhra Baku” restoranı bu dəfə yenidən gündəmə gəlib.
Belə ki, sözügedən restoran fəaliyyətini bərpa edərək, 13 dekabr tarixində yeni ünvanda – Abşeron rayonu, Xırdalan dairəsinin bir neçə metrliyində təmtəraqlı açılış mərasimi keçirib.
"Azərbaycan Reallığı" xəbər verir ki, restoranın hazırkı ünvanı əvvəllər “Qədir Xum” adı altında fəaliyyət göstərib və bir müddət qapalı olub. İddialara əsasən, obyektin bağlanmasına səbəb onun qeyri-qanuni tikinti olmasıdır. Belə ki, tikinti üçün heç bir aidiyyəti dövlət qurumundan rəsmi icazə və ya sənədin olmadığı bildirilir.
Qeyd edək ki, hazırda fəaliyyət göstərən obyektin icarədarı daha öncə də “Səhra Baku” restoranının icarədarı olmuş Elçin Allahverdiyevdir.
Onun adı bir neçə il əvvəl ölkədə Prezidentin tapşırığı ilə antiterror əməliyyatlarının aparıldığı, şəhid xəbərlərinin gəldiyi bir dövrdə Nərimanovda yerləşən “Səhra Baku” restoranında konsert təşkil etməsi ilə gündəmə gəlmişdi.
Həmin konsertə dair video görüntülər sosial şəbəkələrdə geniş yayılmış və cəmiyyətdə ciddi narazılıq doğurmuşdu.
Hadisədən sonra restoran rəhbərliyi bəzi media nümayəndələri barəsində hüquq-mühafizə orqanlarına şikayət etsə də, həmin müraciətlər təmin olunmamışdı.
Qalmaqallar bununla da yekunlaşmayıb. 2024-cü ilin fevral ayında Azərbaycan Qida Təhlükəsizlik Agentliyi mediada yayılan məlumatlar əsasında Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Səhra Baku” restoranında yoxlamalar aparıb.
Yoxlama zamanı işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, üzərində etiket məlumatları olmayan, həmçinin kiflənmə əlamətləri müşahidə edilən məhsulların satışa çıxarıldığı aşkarlanıb. Nəticədə restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.
Araşdırmalar göstərir ki, internet resurslarında “Səhra Baku” restoranı və onun icarədarı Elçin Allahverdiyev barəsində kifayət qədər narazılıq və şikayətlərə rast gəlmək mümkündür.
Etibarlı mənbənin “Azərbaycan Reallığı”na verdiyi məlumata görə, hazırda Xırdalan dairəsi yaxınlığında fəaliyyət göstərən restoranın yerləşdiyi ərazi də ciddi suallar doğurur. Belə ki, obyekt fərdi yaşayış evlərinə olduqca yaxındır. Bu isə restoranın yüksək səs-küyü səbəbindən sakinlərin istirahət və yaşayış hüquqlarının pozulması ehtimalını artırır.
Bundan əlavə, restoran magistral yola çox yaxın məsafədə yerləşir və müştərilər üçün avtomobillərin park edilməsi üçün uyğun şərait mövcud deyil. Bu hal gələcəkdə yolun bağlanmasına, nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına və ərazidə ciddi narazılıqlara səbəb ola bilər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Aknews.az

Xəbərlər