Dükan-bazarlarda mal ətinin qiyməti sümüklü və sümüksüz olmasından asılı olaraq 16-22 manat arasında dəyişir. Çox qəribədir ki, əsas komponentini ət təşkil edən kolbasa məhsulu isə ətdən ucuz qiymətə satılır. Bəzən satışda ətdən iki dəfə ucuz olan kolbasa və sosis məmulatlarını da görürük. Səbəb nədir? Bu suala cavab verə biləcək vəzifəli şəxslər, səlahiyyətli dövlət idarələri var. Lakin mən onlara müraciət etmədim. Düşündüm ki, bunun bir nəticəsi olmaz. Çünki bu vəziyyət indi yaranmayıb, illərdi elə aidiyyatı təşkilatların gözü qabağında davam edir. İdarələrin adı dəyişsə də funksiyaları dəyişməyib. Məsələn, indi bu vəziyyətə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cavabdehdir. AQTA vaxtaşırı reydlər keçirib müəyyən inzibati tədbirlər görsə də bu kifayət etmir. Kolbasa sexlərinin birini bağlayırlar, başqası peyda olur. Bu sexlərin kolbasalarında da ətdən başqa hər şey tapmaq olur. Hələ onların halal olub olmadığını demirəm. Alıcının mənafeyini tapdalayan dələduzlardan halallıq meyarları gözləməyə də dəyməz. AQTA-nın müxtəlif zamanlarda keçirdiyi reydlərdə işlərində pozuntu aşkar olunanlar arasında yalnız kustar müəssisələr deyil, böyük ticarət obyektlərində məhsullarını hər gün gördüyümüz şirkətlərin adları da olur. “Sevimli Dad”, “Səhliyalı”, “Best Beef”, “Ovçular”, “M&T”, “Payım” və kolbasa və sosis hazırlayan başqa şirkətlərin məhsullarının hazırlanmasında, etiketlənməsindəki nöqsanlar, tərkibində istifadə olunan zərərli maddələr insan sağlamlığına birbaşa təhlükədir.
Qiymətlər arasında uyğunsuzluq varsa, deməli, kolbasa məmulatlnın tərkibində ətdən başqa çox şey var. Bu inqridentlər insan orqanizmində fəsadlar verib müxtəlif xəstəliklərin, o cümlədən onkoloji xəstəliyin yaranmasına gətirib çıxardır. Onları yoxlamaq lazımdır. Bazarlarda mənşəyi məlum olmayan kolbasalar satılır. Heç birinin üzərində məhsul haqqında məlumat yoxdur. Harada hazırlandığı məlum deyil. Satan, onun arxasında dayanan elə bilir ki, alıcını aldadıb malını sataraq pul qazanır. Amma bilmir ki, alanlar, istifadə edənlər arasında onların da doğmaları ola bilər. Qazandıqlarını da itirə bilərlər. Xalqın sağlamllığına etdikləri qəsd hüquqi müstəvidə və mənəvi cəhətdən məsuliyyət yaradır. Bu məsuliyyətin yükünü hər kəs dərk etməlidir.
Sima Babayeva
Referans.az
Aknews.az