Yəqin xatırlayırsınız, bir müddət əvvəl sosial şəbəkələrdə Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli liseyin direktoru Rasim Muradovun heç bir əsas göstərilmədən vəzifədən azad olunması ciddi rezonans doğurmuşdu. O zaman bu qərarın pərdəarxası səbəbləri qaranlıq qalırdı. İndi isə həmin qaranlıq nöqtələr tədricən aydınlaşmağa başlayır.
Məlum olur ki, Rasim Muradovun səbəbsiz şəkildə işdən çıxarılmasının və bu günədək həmin liseyə direktor təyin edilməməsinin əsas səbəbi Quba–Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Fikrət Heybətovun şəxsi maraqları ilə birbaşa bağlıdır. İddialara görə, Heybətov bu postu özü üçün “boş saxlayır”, yəni sabah üçün ehtiyat plan kimi qoruyur.
Məsələ burasındadır ki, Fikrət Heybətovun dövlət qulluğu imtahanından keçmədiyi, ixtisas və kurikulum üzrə bilik səviyyəsinin olduqca aşağı olduğu (kurikulum – 12 bal, ixtisas – 13 bal) barədə məlumatlar mövcuddur. Buna baxmayaraq, onun İnzibati Təşkilat Sektoru kimi strateji və məsul vəzifəyə təyin edilməsi Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin qərarı ilə baş tutub. Bu isə baş verən qanunsuzluqlara görə əsas məsuliyyətin də məhz Coşqun Əliyevin üzərində olduğunu göstərir.

Əldə etdiyimiz məlumatlara əsasən, çoxsaylı şikayətlər və yuxarıda sadalanan səbəblər üzündən Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Fikrət Heybətovun müqaviləsini uzatmır. Məhz buna görə də Heybətov 8 nömrəli liseyə direktor təyin olunmaq üçün ciddi cəhdlər göstərir. Çünki bu lisey ölkədə az sayda olan Publik Hüquqi Şəxslərdən biridir və Regional Təhsil İdarəsinə birbaşa sənəd tabeçiliyi yoxdur. Mövcud tabeçilik isə yalnız ibtidai siniflərin müvəqqəti olaraq həmin liseydə qalması ilə bağlıdır.
Fikrət Heybətov çox yaxşı anlayır ki, onu himayə edən Coşqun Əliyev vəzifədən azad edilərsə, bir gün belə Regional Təhsil İdarəsində qala bilməyəcək. Elə buna görə də onun davranışları da bu qorxunun açıq göstəricisidir. Adı guya Xaçmaz şəhər 57 saylı seçki dairəsində işdə keçməsinə baxmayaraq, Fikrət Heybətovun Xaçmaz şəhər 6 nömrəli məktəbdə keçirilən Respublika Fənn Olimpiadasında nəzarətçi kimi görüntülərinin yayılması, eləcə də 20 Yanvar tədbirində Coşqun Əliyevin yanında çəkilmiş fotolarının paylaşılması himayədarlıq münasibətlərini açıq şəkildə ortaya qoyur.
Digər ciddi iddialar isə birbaşa 8 nömrəli liseyin daxilindən gəlir. Valideynlərin və bəzi müəllimlərin Bakunews.az-a verdiyi məlumatlara görə, Rasim Muradov vəzifədən azad edildikdən sonra məktəbdə hər ay “fond pulu” adı altında şagirdlərdən 3–5 manat yığılır. Daha acınacaqlısı isə odur ki, dərs prosesində istifadə üçün nəzərdə tutulan proyektorlar bütün siniflərə deyil, yalnız rəhbərliyə “hörmət” edən müəllimlərin siniflərinə verilir.
İşləyən, nəticə göstərən direktorların müəyyən şəxsi və qrup maraqları naminə vəzifədən uzaqlaşdırılması, təhsilin bu şəkildə bərbad hala salınması cəmiyyət üçün təhlükəli və acınacaqlı tendensiyadır. Ulu öndər Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyevanın adını daşıyan bir təhsil ocağının kimlərinsə şəxsi maraqları naminə oyuncağa çevrilməsi isə sadəcə utancvericidir.
Məlumatlara görə, Coşqun Əliyev bütün göstəriciləri aşağı olan Fikrət Heybətovu 8 nömrəli liseyə təyin etdirə bilmədiyi təqdirdə, alternativ variant kimi Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli məktəbdə yarımştatla çalışan direktor müavini Lalə İsrafilovanı direktor postuna gətirməyə çalışır.
Mövzu diqqətimizdədir. Araşdırmalar davam edir və daxil olan yeni məlumatlar ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və söz haqqını tanımağa hazırıq.
BakuNews.az
Aknews.az