Siyəzən rayon sakini İmamcan Əliyevin sosial şəbəkədə yaydığı paylaşım təhsil ictimaiyyətində və mediada ciddi rezonans doğurub. Paylaşımda Siyəzən şəhər 6 saylı məktəb-liseyin kənarında yerləşən, məktəbin balansında olmayan, lakin bütün qanuni sənədlərə malik tədris və təhsil ləvazimatları satılan mağazaya qarşı təzyiqlər göstərildiyi iddia olunur.
Şikayətçinin bildirdiyinə görə, mağaza 2004-cü ildə tikilib, məktəb-lisey isə 2009-cu ildə inşa olunub. Bu fakt özü-özlüyündə iddiaların hüquqi əsasdan məhrum olduğunu göstərir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və heç kəs mülkiyyətindən məhkəmə qərarı olmadan məhrum edilə bilməz. Buna baxmayaraq, iddiaya görə, sonradan məktəb və regional təhsil strukturlarında çalışan bəzi vəzifəli şəxslərin göstərişi ilə mağazanın məktəbə baxan qapı və pəncərələrinin bağlanması tələb edilib.Bu tələb nə şəhərsalma qaydaları ilə, nə də mülkiyyət hüququ ilə izah olunur və Konstitusiyanın 13-cü maddəsində təsbit olunan mülkiyyətin dövlət tərəfindən qorunması prinsipinə ziddir. Mediatv.az bildirir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə görə, dövlət orqanlarının və vəzifəli şəxslərin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxiləsi yolverilməzdir.Bu baxımdan, məktəbdən kənarda yerləşən və heç bir hüquqi münasibət mövcud olmayan mağazaya qarşı “pəncərə bağla”, “qapını bağla” kimi tələblər birbaşa qanunsuz müdaxilə kimi qiymətləndirilə bilər. Şikayətdə adı hallanan əsas şəxs Fikrət Heybətovdur. Paylaşım müəllifi iddia edir ki, o, vəzifə səlahiyyətlərini aşaraq sahibkarlıq subyektinə qarşı Siyəzən şəhər 6 saylı məktəb-liseyin direktoruna göstərişlər verib.
Müvafiq qanunvericiliyə görə vəzifəli şəxsin öz səlahiyyət hüdudlarından kənara çıxaraq vətəndaşların və ya təşkilatların hüquqlarına ciddi zərər vurması cinayət məsuliyyəti yaradır.
Daha da diqqətçəkən məqam odur ki, mövcud qeydlərə əsasən, Fikrət Heybətovun Quba-Xaçmaz Regional Təhsil İdarəsində əmək müqaviləsi 5 dekabr 2025-ci il tarixində başa çatıb.Əgər hüquqi münasibət mümkün deyilsə, təzyiq və göstəriş hansı səlahiyyətə əsaslanır? Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən, vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən istifadə edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarını pozması inzibati məsuliyyət yaradır.
Regional təhsil idarəsinin “biz yalnız məktəbdaxili bufetə cavabdehik” mövqeyi isə hüquqi ziddiyyət yaradır: Əgər kənar mağaza ilə hüquqi münasibət mümkün deyilsə, deməli, təzyiq və göstəriş də mümkün deyil.İddialara görə, Fikrət Heybətov diaqnostik qiymətləndirmə zamanı öz ixtisası üzrə 40 sualdan cəmi 13-nə düzgün cavab verib, həmçinin direktorların işə qəbulu və dövlət qulluğu imtahanlarında uğursuz nəticələr göstərib. Bu faktlar təsdiqlənərsə, “Təhsil haqqında” Qanunun 32-ci maddəsində göstərilən idarəetmədə peşəkarlıq və səriştəlilik tələblərinin kobud şəkildə pozulduğu ortaya çıxır.Söhbət mülkiyyət hüququnun toxunulmazlığından, sahibkarlıq azadlığından və təhsil idarəçiliyində şəffaflıqdan gedir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az
Aknews.az