“Yanvarın 28-i dalandar kimi çalışdığım İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta məktəbindən qanunsuz şəkildə 70 “Ç” bəndi ilə işdən çıxarılmışam”.
Bu şikayətlə “Qafqazinfo”ya İmaməddin Həsənov müraciət edib.
Onun sözlərinə görə, 2017-ci ildən çalışdığı məktəbdə öz vəzifəsinə məsuliyyətlə yanaşsa da, direktor Ruslan İbayev uzun müddətdir onu işdən çıxarmaqla hədələyib: “Bu günə qədər əməkhaqqımdan 1 manat belə tutulmayıb, şəxsi işimdə nə töhmət, nə xəbərdarlıq var. Yanvarın 28-i arxiv tabellərimə də baxıldı, hamısının qarşısında işə vaxtında gəlib getməyimlə bağlı imzam var. Lakin məktəbin direktoru Ruslan İbayev mənə uzun müddətdir deyirdi ki, ərizəni yaz, işdən çıx. Niyə ərizə yazıb işdən çıxmalı idim? İşə gecikirdimsə, ya xəbərdarlıq edərdi, ya töhmət verərdi, ya da həmin günün maaşından tutulardı.
Mənə söylədi ki, regionalın müdiri Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan. Dedim haradan tanıyır məni? Cavab olaraq isə “çox danışırsan, ərizəni yazıb çıx, çıxmırsansa, səni 70 “Ç” ilə işdən çıxaracağam”, - deyə bildirdi. Yanvarın 28-i məni işdən çıxardı. İki ay bundan əvvəl də bir şəhid qardaşını işdən çıxarmışdı.
İşdən 70 “Ç” ilə çıxarılmağım ədalətsizlikdir. Bundan əvvəl məktəb direktoru Famil İbişov idi. Onun vaxtında da mənim töhmətim olmayıb, hansısa problem də yaşamamışam. Harasa getməliyəmsə, hansısa vacib işim olubsa, rəsmi şəkildə ərizə yazıb, icazə almışam”.
Şikayətçi iddia edir ki, R.İbayev məktəbin ehtiyaclarını bəhanə edərək ondan dəfələrlə pul istəyib: “2022-ci ildə direktor kimi gələndən sonra 4-5 dəfə məndən 40-50 manat pul aldı. Bir dəfə dedi ki, məktəbə mühərrik və su şlanqı alınmalıdır, daha sonra ağac əkilməli və “setka” çəkilməli olduğunu söylədi. Son vaxtlar deyirdi ki, bu pulu artıq daim verməlisən. Mən də etirazımı bildirdim, belə bir şeyi qətiyyən etməyəcəyimi söylədim. İki körpə övladım var, səkkiz saat işləyirəm, 395 manat maaş alıram. Mən hər dəfə ona necə pul verim? Niyə verməliyəm? Özü də əməkhaqqı alır, məktəb üçün nəsə edə bilirsə, etsin, edə bilmirsə, hər ay mən 50 manat verməliyəm? Elə bu məsələnin üstündə çox təkid etdi ki, ərizə yazıb işdən çıx, mən də onun dediyini etmədim. Hətta məktəbin gözətçisindən də pul alıb, ondan minlərlə manat pul tələb edib. Həmin adamın əlində faktlar, direktorun səs yazıları var idi, şikayət etdi. İş də hazırda prokurorluqdadır”.
Yanvarın 28-i Həmkarlar İttifaqının iclasında haqqında müsbət qərar verildiyini deyən İ.Həsənov elə həmin gün direktorun onu işdən azad etdiyini bildirib: “Həmkarlar İttifaqının sədri Gülnar Zeynalovanın iştirakı ilə iclas keçirildi. İclasda məni səsə qoydular. İşçilərin hamısı dedi ki, İmaməddin qalsın, çıxarılmasın. Ruslan İbayevin həyat yoldaşı, rəsmxətt müəllimi Rəmziyə İbayeva, əmisi oğlu, hərbi işlər üzrə direktor müavini Anar İbayev və onun həyat yoldaşı Günay İbayeva əllərini qaldırdı ki, işdən çıxım. Digər müəllimlər də “getməsin, vaxtlı-vaxtında işinə gələn biridir” dedilər. Hətta bir müəllim bildirdi ki, işə gəlmirdisə, maaşından tutardınız, rəsmi xəbərdarlıq edərdiniz: “Töhmət vermədən, rəsmi xəbərdarlıq etmədən aramızda səsə qoyursunuz, bizlik bir şey yoxdur”.
Daha sonra Gülnar Zeynalova da dedi ki, arxiv tabelinə baxıb, belə işçinin səsverməyə çıxarılması da gülüncdür. Orada mənim xeyirimə qərar verildi, bildirildi ki, 3 nəfərin iddiası haqsızdır. Amma axşamüstü İmişli rayonunun sektor müdiri Elşad müəllimlə məktəbin direktoru Ruslan müəllim dedi ki, ya ərizəni yaz, ya da səni məcbur biz çıxaracağıq. Video da var əlimdə. Özlərinə də onları məhkəməyə verəcəyimi, Əmək Müfəttişliyinə şikayətimi bildirəcəyimi söylədim. Dediyim kimi, müraciət etdim, məsələnin 15-30 gün ərzində araşdırılacağını, araşdırma müsbət nəticə verərsə, işimə bərpa olunacağamı, direktorun isə cərimə ediləcəyini bildirdilər”.
Fotoda Ruslan İbayev
