Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bir mənbədən satınalma metodu tətbiq etməklə Zaqatala, Balakən və Qax rayonlarında 18 fərdi yaşayış evinin tikintisi üzrə “BALACANS İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.588.589,86 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 11.11.2026-cı ildə dərc edilib.
Təxmini hesablamalarımıza görə Zaqatala, Balakən və Qax rayonlarında 18 fərdi yaşayış evinin tikintisi FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinə təxminən 88 254 manata başa gələcək.
Qeyd edək ki, bu FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə “BALACANS İNŞAAT” MMC arasında bağlanan ilk müqavilə deyil.
Tərəflər arasında Xaçmaz ryonu, Yeni Həyat qəsəbəsi ünvanında 2 girişli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasının tikintisi üzrə 2.415.679,09 manat dəyərində müqavilə 26.12.2025-ci ildə bağlanılıb.
Samux rayonu, Alabaşlı qəsəbəsində 2 mərtəbəli 7 mənzilli yaşayış binasının tikintisi üzrə 689.000,04 manat məbləğində satınalma müqaviləsi 18.11.2025-ci ildə bağlanılıb.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Balacans İnşaat” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi, barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Balacans İnşaat” (VÖEN: 3801781021) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.04.2025-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının,BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, ƏLİ ANSUXSKİ, ev.19, qanuni təmsilçisi kimi isə Xoçberov Rəşid Rəşad oğlu qeyd olunub.
Qeyd edək ki, Xoçberov Rəşid Rəşad oğlu həm də 23 dekabr 2024-cü ildə yaradılmış, hüquqi ünvanı BALAKƏN RAYONU, BALAKƏN ŞƏHƏRİ, R.RZA, ev.42 olan “Agron trade” MMC-nin də qanuni təmsilçisidir.
”Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “Balacans İnşaat” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 01.10.2025-ci ildə lisenziya aldığı göstərilir.
Göründüyü kimi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti lisenziyası olmayan, cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC ilə birmənbədən satınalma metodu tətbiq etməklə iki dəfə müqavilə bağlamışdır.
Görəsən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti sahibkarlıq fəaliyyətinə cəmi 6 ay əvvəl başlamış bu MMC -yə sevgisi haradan qaynaqlanır. Göründüyü kimi sözügedən qurum lisenziyası olmadığı halda “Balacans İnşaat” MMC yeddi yüz min manata yaxın dəyəri olan satınalma müqaviləsi bağlamışdır.
2025-ci ilin dekabrından bu ilin noyabrına isə ümumi dəyəri 4 004 268 manat olan iki müqavilə bağlayıb. Həm də bir mənbədən satınalma metodu tətbiq etməklə. Bəs birmənbədən satınalma metodu hansı hallarda tətbiq edilir?
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, yaşayış binasının tikintisi işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən satınalma prosedurunun bu şəkildə keçirməsi şübhələnməyə əsaslar verir. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi uzun müddət Cəbrayıl Xanlarov olub. O, 2026-cı ilin fevralından Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. Buna baxmayaraq Cəbrayıl Xanlarov əvvəllər rəsis olduğu quruma nəzarət funksiyasını hələ də özündə saxlayır.
Hazırda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi rəisi Vüsal Ağayevdir. O, daha əvvəl FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub. Mediada yayılan məlumatlara görə Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.
Agentliyin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin rəisi isə 2019-cu ildən Əliyev Kamran Fərman oğludur.
Onu xüsusilə qeyd etmək istərdik ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tabeli qurumların satınalmalarda yol verdiyi qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə və elektron medida kifayət qədər geniş məlumatlara yayılıb.
Aktualinfo.net
Aknews.az