3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrlik etdiyi prosesdə “Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib. Müdafiə tərəfi qapalı prosesə əsas olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şirkətin mühasibi Azər Məmmədəliyev ifadə verib, bildirib ki, Vüqar Əliyevi 2020-ci ildə işə başladığı dövrdən tanıyıb.
Onun sözlərinə görə, Vüqar Əliyevin adına biznes-kart açılıb, həmin kart vasitəsi ilə qonaqların qarşılanması, hədiyyə alınması, digər xərclər ödənib. Şahid qeyd edib ki, kartdan 651 min manat vəsait xərclənib: "Biznes-kart məndə olmayıb. Amma şirkətə bağlı olduğu üçün kartdan istifadə etmişəm. Kartdan xərc çıxanda Vüqar müəllimə müvafiq məlumat çatırdı".
Şahidin sözlərinə görə, kassa-mədaxil orderlərini yazıb, 2021-2024-cü illər ərzində pulları Vüqar Əliyevə hissə-hissə çatdırıb.
Vüqar Əliyev bildirib ki, şirkətin bəzi işləri üçün nağd pula ehtiyacı yaranıb, bunu da Azər Məmmədəliyevlə aralarında fiziki köçürmə yolu ilə həyata keçiriblər: "Problem olanda özümüzdən pul qoymuşuq. Sonra öz pulumuzu götürmüşük. Buna görə nağd köçürmələr olub. Misal üçün, şirkətin 100 min manata ehtiyac yaranıb. Öz aramızda kimdə nə qədər var, 20-30 min qoymuşuq, problemi həll etmişik, sonra pulumuzu geri almışıq. Azər Məmmədəliyev mühasibdir, bunu yaxşı bilir".
Azər Məmmədəliyevin sözlərinə görə, Vüqar Əliyev onlara nə qədər nağd pul lazım olduğunu deyib, onlar da aralarında pul toplayıblar, işi həll ediblər. Şahid qeyd edib ki, borcun ödənməsi üçün qəbzlər yazılıb.
Şahid bildirib ki, xüsusi ilə külli miqdarda mənimsəmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməmişdən əvvəl şirkətdə daxili araşdırma aparılıb. İdarə heyətinin sədrinə Vüqar Əliyevin kənar xərclər aparması ilə bağlı müraciət edilməyib.
Şahid müdafiə tərəfinin suallarını cavablandırarkən Etibar Pirverdiyevin şirkətə gəlişini görmədiyini deyib. Onun sözlərinə görə, Vüqar Əliyevin sərhədsiz səlahiyyətləri olub və bu səlahiyyəti ona "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov verib.
Vüqar Əliyev şahidə "Ulduz" metrosu yaxınlığında Etibar Pirverdiyevin ofisində iclas keçirmələri ilə bağlı sual verib. Şahid həmin iclasda iştirak etdiyini təsdiqləyib. Sorğu-sual zamanı məlum olub ki, şirkət iki il ərzində "Şahdağ" futbol klubunu maliyyələşdirib.
Daha sonra digər şahid, sahibkar Kamran Həsənov ifadə verib. Bildirib ki, 2020-ci ildə şirkət təsis edib, işğaldan azad olunmuş rayonlarda tikinti işləri görülməsi üçün başqa bir şirkətlə müqavilə bağlayıb, işlərin görülməsi üçün texnika lazım olub: "Mənə dedilər ki, "Azenco"da həmin texnikalar var. Mənə Əfqan müəllimin nömrəsini verdilər. Əlaqə saxladım, dedi ki, Vüqar müəllimlə danışıb, məsələni həll edəcək.
Sonra müqavilə bağladıq, texnikaları icarəyə götürdük. Aylıq pulu həm Əfqan müəllimə, həm də Vüqar müəllimə ödəyirdim. Texnikaların təmiri bizim öhdəmizdə idi. Texnikalar baha idi, ödəmədə gecikmələr olurdu. Bir müddət sonra bizi məhkəməyə verdiklərini eşitdim. Ümumilikdə 506 min 800 manat ödəniş etmişdim. Buna baxmayaraq bu məbləği məndən tələb etdilər. Vüqar müəllim dedi ki, kömək edəcəm.
Məni çağırdılar, barışıq sazişi bağladılar. Əllə verilən pulu sənəd kimi qəbul etmədilər. Bizim müqavilədə pulun bir hissəsinin nağd köçürülməsi ilə bağlı heç nə yoxdur. Əfqan müəllim dedi ki, bu qədər şirkətə, bu qədər də nağd ödəniləcək.
İlk başdan texnikalar ucuz vermişdilər. Sonradan icarə müqaviləsinə keçildi, qiymət bahalaşdı. Qorxdum ki, texnikaları geri çəkər, layihələrim yarımçıq qalar, bataram".
Sorğu-sual zamanı məlum olub ki, qeyd olunun şirkətin "Azenco" ilə mülki iddiası olub və məhkəmə "Azenco"nun xeyrinə yarım milyon manatlıq qətnamə çıxarıb. Şahid deyib ki, imkanı olmadığı üçün ödəniş edə bilməyib.
Daha sonra Vüqar Əliyevin vəkili vəsatətlə çıxış edib.
Vəkil "Azenco" şirkətinə sorğu göndərilməsini, Etibar Pirverdiyevin hansı tarixdə "Azenco"da rəsmi olaraq fəaliyyətə başladığı, işlədiyi dövrdə vəzifələri, işə qəbulu barədə əmr, əmək müqaviləsi, hər ay aldığı əməkhaqqı barədə arayışlar tələb olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 30-da davam edəcək
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir.
Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Aknews.az