2016-cı ildə spirtli içkilərin istehsalı və satışına dair lisenziya tələbinin ləğv edilməsi ölkədə içki bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Həmin qərardan sonra icazələrin alınması prosesi xeyli sadələşib, bazara daxil olmaq daha əlçatan olub. Nəticədə həm istehsalçıların, eləcə də satış nöqtələrinin sayı artıb, məhsul çeşidi isə genişlənib.
Bununla yanaşı, son illər ərzində bazarda keyfiyyət məsələsi də daha çox müzakirə olunur. İcazə mexanizmlərinin asanlaşması fonunda keyfiyyətli və saxta olmayan içki tapmağın müəyyən qədər çətinləşdiyi bildirilir. İstehlakçılar arasında məhsulun mənşəyi, təhlükəsizliyi və standartlara uyğunluğu ilə bağlı narahatlıqlara da rast gəlinir.
Aknews.az xəbər verir ki, Modern.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) spirtli içkilərin minimum qiymətinin müəyyən olunmasına dair hökumətin qərarı ilə razılaşmır.
“Məlum olduğu kimi, 2025-ci ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub və bu qərar ötən ilin noyabr ayının 24-dən etibarən qüvvəyə minib. Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız pərakəndə satışa tətbiq olunub. Yəni qərarın istehsal müəssiələrinə aidiyyatı yoxdur”.
Sədr həmçinin vurğulayıb ki, qərarın qüvvəyə minməsindən keçən bir ay müddətində, istehlakçılardan AİİB-ə daxil olan məlumatlar, araşdırmalar göstərir ki, istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından bəzi istehsalla məşğul olanlar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə, ictimai-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə keyfiyyətsiz araq (vodka) məhsulları təklif olunur:
“2026-cı ildən istehsalda 1 litr araq (vodka) üçün 5,0 man. aksiz vergisi müəyyən edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat aksiz vergisi və 1,20 – 1,50 manatını isə ƏDV təşkil edəcəkdir. Yəni, orta hesabla 6,20-6,50 manatını yalnız vergi təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla 1 litrlik qablaşdırılmış arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın olmalıdır. Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki, bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən regionlarda 6,0 – 7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif olunur. Təbii ki, bu cür məhsulların mənbəyi və mənşəyi bəlli olmadığı üçün onların keyfiyyəti də şübhə altında olacaqdır”.
E.Hüseynovun sözlərinə görə, qərar qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə qənaət edib yalnız keyfiyətdə uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə həm də keyfiyyətdə uduzmaya düçar olurlar və bu istehlakçılarda təbii olaraq narazılığa səbəb olur:
“İstehlakçı hüquqlarını qoruyan, beynəlxalq istehlakçı təşkilatı – Consumers İnternationalın(Cİ) üzvü olaraq, doğma Azərbaycanımızı dünyanın çoxsaylı ölkələrində təmsil və təbliğ edən bir vətəndaş cəmiyyəti nümunəsi olaraq bu qərarla razı deyilik. Onu da qeyd edək ki, ölkəmizdə 2016 ci ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) tələbi tamamilə aradan qaldırılmışdır”.
Sədr eyni zamanda xatırladıb ki, lisenziyalar ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq (vodka) istehsalıyla isə 8 müəssisə fəaliyyət göstərib:
“Lisenziyalar ləğv edildikdən bəri bu günə qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC (Meysəri) yaradılıb; araq (vodka) istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb. Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı keyfiyyətdə olan araq (vodka) məhsullarının idxalı kəskin surətdə artmış, alıcıların məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən (idxal olunan malın daha keyfiyyətli olması) idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını üstələməyə başlayıb.
Odur ki, haqsız rəqabətə son qoyulması, istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədi ilə ən azı qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirəm. 2016-cI ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) ləğv olunmasından sonra dövlətin biznes qurumları üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib, istehlakçı maraqlarına məhəl qoymayaraq fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi manitorinqlər keçirilsin və hökumətin minimum qiymətə dair qərarı istehsal müəssiəıərinə də tətbiq olunsun!”, – deyə E.Hüseyov bildirib.
Məlumat üçün bildirək ki, dünyanın bütün ölkələrində alkoqollu içkilərin istehsalı, idxalı və satışı müvafiq lisenziyalar əsasında tənzimlənir.