Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasıda kadr siyasəti və maliyyə məsələləri ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.
Bizimesr.az bildirir ki, məlumatda hər iki qurumda kadr təyinatları, yerlipərəstlik halları və maliyyə məsələlərinin müvafiq qurumlar tərəfindən araşdırılması lazımdır.
Məlumata görə, professor Əminağa Sadıqov saxta diplomdan istifadə edərək uzun müddət elmi və rəhbər vəzifələrdə fəaliyyət göstərib. Məsələ ilə bağlı qərar Ali Attestasiya Komissiyası-nın sədri Famil Mustafayev tərəfindən qəbul edilib. Buna baxmayaraq, onunla bağlı hər hansı tədbirin görülmədiyi iddia edilir.
Müraciətdə elm və təhsil naziri Emin Əmrullayevin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın adları hallanır, onların sözügedən məsələ ilə bağlı mövqeyi ilə bağlı suallar irəli sürülür.
“Hörmətli Emin müəllim, hörmətli Ülkər xanım, Siz Əminağa Sadıqov qarşısında hansı öhdəliyi götürmüsünüz ki, Əminağa Sadıqov rektor ola bilmirsə, onun kadrı rektor olmalıdır. Elmi ictimaiyyətin qınağından Sizin xəbəriniz yoxdur?”
Müraciətdə bir sıra şəxslərin - Famin Salmanov, Əfsun Sucayev, Orxan Abbasov, Rəşad Səlimov, Mətləb Mirzəyev və digərlərinin də adları çəkilir, onların vəzifəyə təyinatı ilə bağlı suallar olduğu bildirilir.
Həmçinin qeyd olunur ki, Anar İsgəndərov və rektor Rüfət Əzizov Sadıqovu və onun komandasını müdafiə edir.
Müraciət müəllifləri SDU və AMEA-da maliyyə məsələlərinin müvafiq dövlət qurumları tərəfindən araşdırılmasını tələb edirlər.
Qeyd olunan iddialarla bağlı adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, ötən ilin dekabr ayında Sumqayıt Dövlət Universiteti-nin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyası-nın müxbir üzvü Əminağa Sadıqov Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası-nın Rəyasət Heyətinin iclasında professorluq statusundan məhrum edilib.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə isə professor elmi adını alıb.
Aknews.az