Rəşad İsmayılov da eynən özündən əvvəlki Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kimi vəzifəsinin öhdəsindən gələ bilmir. Hər halda görünəni budur.
"DİA-AZ" xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə ərəblərin yenidən Azərbaycan ərazisində qanunsuz olaraq və həm də ovlanması qadağan olunmuş quşların qəsdinə durması xəbəri yayıldı. Bu xəbərdə qeyd olunurdu ki, ərəblər o qədər harınlamış olublar ki, hətta ovladıqları nadir quş növünü zibil qutusuna atıblar.
Bu fotolar paylaşılaraq verilən məlumatda deyilirdi:
"Şirvan şəhərində yerləşən "Təbəssüm" Hotel"ində qalan ərəblərin qanunsuz ov fəaliyyəti davam edir.
O qədər bolluğa düşüblər ki (!) qırmızı kitab növü olan bəzgəyi zibil qabına tullayıblar..."
Yəni fakt odur ki, harın ərəblər yenə də iş başındadır və yeni ETSN şefi Rəşad İsmayılov cənabları da eynən Muxtar Babayev kimi onlara yaşıl işıq yandırıb.
Bunun belə olduğunu hadisəyə verilən rəsmi reaksiyadan da anlamaq olar.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən faktla bağlı bildirilib ki, bu iddia qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb:
"17 fevral 2026-ci il tarixində səhər saatlarında sözügedən hotelin ərazisinə keçirilən baxış zamanı ovlanmış bəzgək quşlarına rast gəlinməyib. Lakin qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir".
Yəni yazılanlar yalandır...
Bu cür açıqlama əslində bizi təəccübləndirmir. Çünki, Azərbaycanda bəzgək ovuna gələnlər elə-bələ adamlar deyil. Bunu biz iddia etmirik, ovda olan dəstənin öz paylaşımları sübut edir!
"DİA-AZ" xatırladır ki, Mil düzündə ovda olan BƏƏ vətəndaşlarından biri Şeyx Zayeddir. O, BƏƏ-nin hakim sülaləsinin başçısı sayılan Şeyx Muhəmmədin oğludur. Qardaşı Abdulla BƏƏ-də Media Nazirdir. Digər qardaşı Şeyx Saif ilə birgə Şeyx Zayed ən azı 5 ildir ölkəmizə bəzgək ovuna gəlir və bunu gizlətməyərək sosial mediada bölüşürlər!
Təklifimiz odur ki, bəzgəyi Qırmızı Kitabdan çıxarın, rəsmi ovunu açın biz də bilək ki, ən azı bu ov leqallaşıb. Dövlətə rəsmi rüsum ödənir. Onsuz həmin şeyxlər üçün müəyyən edəcəyiniz rüsumlar "saqqız pulu" belə deyil.
Bu qədər sadə...
Aknews.az