Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumların ictimaiyyətə açıq olması və medianın sorğularını operativ cavablandırması normal və qanuni tələbdir. Lakin görünən odur ki, bəzi qurumlar bu prinsipləri hələ də qəbul etmək istəmir. Bizimesr.az redaksiyasının Azərbaycan Dəmir Yolları QSC ilə bağlı yaşadığı vəziyyət bunu bir daha göstərir.
Bu ilin fevralın 17-də qurumun rəsmi elektron ünvanına media sorğusu göndərilib. Sorğuda ictimai maraq doğuran məsələlərlə bağlı suallar yer alıb. Lakin günlər keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.
Bundan sonra redaksiya tərəfindən quruma növbəti müraciət göndərilərək sorğunun cavablandırılması xahiş olunub. Bir neçə gün sonra isə qurumdan formal xarakterli bir məktub gəlib. Məktubda bildirilib ki, vətəndaş müraciətləri 15 iş günü ərzində cavablandırılır və müraciət müvafiq şöbəyə yönləndirilib.
Lakin məsələ bununla bitməyib. Növbəti gün redaksiyaya göndərilən başqa bir cavabda müraciətin yenidən göndərilməsi tələb olunub. Bu dəfə isə əsas kimi göstərilib ki, məktub qeydiyyat nömrəsi, tarix və imza ilə təqdim edilməli, həmçinin konkret səlahiyyətli şəxsin adına ünvanlanmalıdır.
Redaksiya hesab edir ki, bu cür yanaşma faktiki olaraq media sorğusuna cavab verməmək üçün süni maneələr yaratmaqdan başqa bir şey deyil. Çünki media sorğusunun “qurum rəhbərliyinə” ünvanlanması tam normal praktikadır və bir çox dövlət qurumları belə müraciətləri heç bir problem yaratmadan cavablandırır.
Əslində isə sual yaranır - niyə “Azərbaycan Dəmir Yolları” QSC sadə bir media sorğusunu cavablandırmaq əvəzinə müxtəlif bürokratik bəhanələr irəli sürür?
Bu qurum dövlət büdcəsi hesabına fəaliyyət göstərir və onun fəaliyyəti birbaşa ictimai maraq doğurur. Belə olan halda jurnalistlərin suallarına cavab verməkdən yayınmaq, prosesə formal yanaşmaq və texniki detallar arxasında gizlənmək heç də düzgün və qəbulolunan davranış sayıla bilməz.
Dövlət qurumları mediaya qarşı bu cür laqeyd və qapalı mövqe nümayiş etdirdikdə, bu, cəmiyyətdə şəffaflıqla bağlı ciddi suallar yaradır. Çünki ictimai vəsaitlə fəaliyyət göstərən bir qurumun informasiya verməkdən yayınması, təbii olaraq onun fəaliyyətinin nə dərəcədə açıq və hesabatlı olduğu barədə şübhələr doğurur.
“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi media ilə münasibətlərə yenidən baxmalı və ictimaiyyəti maraqlandıran suallara cavab verməkdən yayınmaq əvəzinə şəffaflıq nümayiş etdirməlidir.
Bizimesr.az mövzunu diqqətdə saxlayacaq və qurumdan rəsmi mövqe daxil olacağı təqdirdə onu da dərc etməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Rövşən Rüstəmovdur...
Bizimesr.com
Aknews.az