Azərbaycanda müstəqil xəbər saytlarına giriş məhdudlaşdırılıb – “Bakunews.az” 6 gündür blokdadır


Aknews.az xəbər verir ki, ölkədə müstəqil media sahəsində fəaliyyət göstərən aparıcı platformalardan biri – Söz TV MMC-nin tərkibində fəaliyyət göstərən “Bakunews.az” xəbər portalına artıq 6 gündür ki, Azərbaycan ərazisindən internet üzərindən giriş ciddi şəkildə məhdudlaşdırılıb.
Məsələ ilə bağlı xəbər portalının təsisçisi Mirkənan Seyidovla əlaqə saxlanılıb. O bildirib ki, saytın bloklanması ilə bağlı hər hansı rəsmi qərarın olmaması narahatlıq doğurur:

“Xəbər portalının ölkə üzrə fəaliyyətinin blok edilməsi ilə bağlı hər hansı rəsmi qərarın olmaması bizi ciddi şəkildə narahat edir. Bununla bağlı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etmişik. Lakin indiyədək bloklanmanın səbəbi barədə bizə heç bir rəsmi məlumat verilməyib və hazırda gözləmə mövqeyindəyik.”

M.Seyidov qeyd edib ki, “Bakunews.az” saytına giriş mümkün olmadığından oxucularla əlaqəni kəsməmək üçün alternativ platforma üzərindən fəaliyyətlərini davam etdirirlər:

“Hazırda sayt əlçatmaz olduğuna görə oxucularımızla ‘Bakunews.tv’ üzərindən hər gün görüşməyə davam edirik.”

Təsisçi əlavə edib ki, problem təkcə onların portalı ilə məhdudlaşmır. Onun sözlərinə görə, ölkədə təxminən 50-yə yaxın xəbər saytı oxşar vəziyyətlə üzləşib:

“Media sahəsində baş verən bu hal yalnız bizim saytla bağlı deyil. Bizdən başqa da 50-yə yaxın sayt eyni problemi yaşayır. Bəzi saytların artıq blokdan çıxarıldığı bildirilir, lakin ümumi vəziyyətin hansı istiqamətdə həll olunacağı ilə bağlı konkret məlumat yoxdur.”

Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Media nümayəndələri isə baş verənlərin səbəblərinin şəffaf şəkildə izah edilməsini və problemin tezliklə aradan qaldırılmasını gözləyirlər.

Xəbərlər