"Şəxsi və ailə məlumatlarımı əldə edən media resursları məni şantaj edir" - Gülbadə Abdullayevanın RƏSMİ AÇIQLAMA


Bir müddətdir ki, “Dr. Gülbadə” kimi tanınan Gülbadə Abdullayeva barəsində həqiqəti əks etdirməyən məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə tirajlanır.

Məsələ ilə bağlı yayılan iddiaları araşdırmaq məqsədilə həm Gülbadə Abdullayeva, həm də Fatimə Mahmudova ilə əlaqə saxlamağa çalışdıq.

Fatimə Mahmudova açıqlamasında bildirib ki, yayılan məlumatlarda onun Gülbadə Abdullayevanı şantaj və hədə-qorxu yolu ilə müəyyən addımlar atmağa məcbur etdiyi iddia olunur. Lakin o, bu məsələyə birbaşa münasibət bildirmək istəmədiyini vurğulayaraq qeyd edib ki, əvvəlcə əsas açıqlama Gülbadə Abdullayeva tərəfindən verilməlidir:

“Bu məsələ ilə bağlı ilkin açıqlamanı Gülbadə xanım versin ki, sonradan mənim özümü müdafiə etmək məqsədilə danışdığım görüntüsü yaranmasın. Əgər yayılan məlumatlarda mənim bu xanımla bağlı hər hansı qanunsuz hərəkətim təsdiqini tapsa, şəxsən özüm hüquq-mühafizə orqanlarına müraciət edərək barəmdə tədbir görülməsini tələb edəcəyəm. Əks halda isə bu xəbərləri yayan şəxslərə qarşı sonadək hüquqi mübarizə aparacağam”.

Daha sonra Gülbadə Abdullayeva ilə əlaqə saxladıq. O isə öz növbəsində bildirib ki, son günlər onun adı ilə bağlı yayılan məlumatların əksəriyyəti həqiqəti əks etdirmir və qərəzli şəkildə ictimaiyyətə təqdim olunur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyətə təqdim edilən bəzi səs yazıları və digər materiallar kontekstdən çıxarılıb, təhrif olunaraq yayılıb. Həmin materialların bir qismi zarafat və ya qeyri-ciddi söhbət xarakteri daşısa da, məqsədli şəkildə fərqli formada təqdim edilərək mənim nüfuzuma xələl gətirməyə yönəlib.

Bundan əlavə, məlumatları yayan xəbər saytının nümayəndəsinə zəng edərək mövqeyimi bildirmək istədiyim zaman, ona açıq şəkildə sual ünvanladım: şəxsi həyatın toxunulmazlığını pozaraq, mənim evimə aid olan məkan və şəxsi səs yazılarını icazəsiz şəkildə ictimailəşdirmək hansı media fəaliyyətinə daxildir? Təəssüf ki, qarşı tərəf bu suala aydın cavab vermək əvəzinə aqressiv və qərəzli tərzdə danışaraq etik çərçivədən kənara çıxdı.

Həmin şəxs etdiyi hərəkətlərə bəraət qazandırmağa çalışaraq, guya ailə daxilində baş vermiş mübahisələri və şəxsi məqamları da ictimailəşdirəcəyi ilə məni hədələyib. Bu isə artıq açıq şəkildə təzyiq və şantaj xarakteri daşıyır.

Bildirirəm ki, həmin şəxslər və onların ətrafı tərəfindən əvvəllər də mənə qarşı pul tələbləri irəli sürülüb və bununla bağlı ödədiyim məbləğləri təsdiq edən sübutlar (çeklər və digər materiallar) mövcuddur. Bu hallar onların sistemli şəkildə reket xarakterli fəaliyyətlə məşğul olduqları qənaətini yaradır.
Son paylaşımlarda Fatimə Mahmudova ilə məni üz-üzə qoyaraq bir birimizi şantaj etmiş kimi göstərərək yalan və qərəzli məlumatlar paylaşan "jurnalistlər" vəzifəli şəxslərin adını çəkərək heç kəsdən qorxmadıqlarını mənə açıq bildiriblər. Odur ki, burdan dövlətimə səslənirəm bu "jurnalistlər" məni rahat yaşamağıma ciddi maneələr yaradaraq intihar həddinə çatırıblar. 29.04.2026-cı il tarixində Daxili İşlər Nazirliyinədə müraciət etmişəm. Güman edirəm ki, hüquqi tədbirlər görüləcəkdir.

Artıq bu cür təzyiqlərdən yorulduğumu və mənə ciddi mənəvi zərər vurulduğunu qeyd edirəm. Hətta bu vəziyyət məni son həddə – çıxılmaz psixoloji vəziyyətə gətirib çıxarıb.

Media vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirirəm:

- Mənim icazəm olmadan şəxsi həyatımı əks etdirən səs yazılarının və məlumatların yayılması ilə bağlı araşdırma aparılsın;
- Mənim adım hər hansı şikayətçi qismində olmadığı halda, şəxsi məlumatlarımın ictimailəşdirilməsinə hüquqi qiymət verilsin;
- Bu cür qanunsuz və etikadan kənar fəaliyyətlərin qarşısı alınsın.

İctimaiyyətdən xahiş edirəm ki, yalnız təsdiqlənmiş və obyektiv məlumatlara əsaslansın və birtərəfli yayılan xəbərlərə inanaraq nəticə çıxarmasın.

Hörmətlə,
Gülbadə Abdullayeva




Xəbərlər