Sumqayıt şəhərində, “Stansiya Sumqayıt” adlanan ərazidə 43 nömrəli məktəbin yaxınlığında yaşayan sakinlər ərazidə yaranmış ağır vəziyyətlə bağlı həyəcan təbili çalır.
Onların RealAzerbaycan.az saytının qaynar xəttinə ünvanladıqları müraciətdə bildirilib ki, uzun müddətdir davam edən antisanitariya və sahibsiz küçə itlərinin çoxluğu gündəlik həyatı dözülməz hala gətirib.
Müraciət əsasında hadisə yerinə yollanan media nümayəndələri Dəyanət Babayev və Asim Abdullayev vəziyyəti yerində araşdırmaq və ictimailəşdirmək üçün video çəkiliş aparıblar. Lakin çəkiliş zamanı gözlənilməz və xoşagəlməz hadisə baş verib.
Belə ki, ərazidəki mövcud vəziyyətə görə məsuliyyət daşıdığı iddia edilən İlhamə Kərimova və Naxış Kərimova (ana və qız) media nümayəndələrinə qarşı aqressiv davranaraq onların fəaliyyətinə mane olmağa cəhd ediblər. Hadisə zamanı jurnalistlərə qarşı qeyri-etik ifadələr səsləndirilib və fiziki müdaxilə təşəbbüsü qeydə alınıb.
Media nümayəndələri dərhal Daxili İşlər Nazirliyi-nin 102 xidmətinə müraciət ediblər. Qısa müddətdə hadisə yerinə polis əməkdaşları cəlb olunub və tərəflər Sumqayıt şəhər 5-ci polis bölməsi-nə dəvət olunublar.
Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsi-nin 510-cu maddəsinə əsasən İlhamə və Naxış Kərimovalar barəsində protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 100 manat məbləğində cərimə olunub.
Məhkəmə iclasında həmçinin məlum olub ki, İlhamə Kərimova daha əvvəl də məhkumluq həyatı yaşayıb və dəfələrlə inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Qeyd edək ki, jurnalist fəaliyyətinə bu cür müdaxilələr qanunvericiliyə zidd olmaqla yanaşı, söz və məlumat azadlığına açıq təhdid kimi qiymətləndirilir.
Aknews.az