DÇ-2026-da müsəlman futbolçulara ən yaxşı oyunçu mükafatının dəyişdirilmiş variantı verilir?


FIFA müsəlman futbolçular üçün 2026-cı il futbol üzrə dünya çempionatının matçının ən yaxşı oyunçusu mükafatından alkoqol brendini çıxarıb.

Bir sıra oyunçular kuboku "Michelob Ultra" pivə brendinin sponsorluq yazısı olmadan qəbul ediblər. Həmçinin onların fotoşəkilləri FIFA loqosu olan neytral fonda çəkilib. Mükafatın bu versiyasını alanlar arasında mərakeşli İsmayıl Saybari, misirli Emam Aşur, iordaniyalı Əli Olvan, iranlılar Ramin Rezayan və Əlirza Beyranvand, Qətər millisinin qapıçısı Mahmud Abunada və kot-d'ivuarlı Yan Diomande var.

DÇ-2026-nın oyununun ən yaxşı futbolçusuna verilən rəsmi mükafat "Michelob Ultra Superior Player of the Match" adlanır. Bu mükafat 2025-ci ilin dekabrında təsis olunub. Lakin müsəlmanlar üçün mükafatın adından sponsor hissəsi silinərək "Superior Player of the Match" şəklində dəyişdirilir. FIFA nümayəndəsi aydınlıq gətirib ki, neytral mükafat və fon oyunçunun müraciəti əsasında təmin edilir:

"Dini inancları nəzərə almaq məqsədilə, oyunçunun istəyi ilə brendinq elementləri olmayan mükafat və fon təqdim oluna bilər. Oxşar brendinqsiz elementlərdən oyunçunun qanunla alkoqol qəbuluna icazə verilən yaş həddinə çatmadığı hallarda da istifadə olunur".

Aknews.az

Xəbərlər