Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də müxtəlif iaşə obyektlərinin fəaliyyəti davam edir. Rayona son 10 ildə təyin edilən bütün icra başçıları bu təhlükəni aradan qaldırmaq əvəzinə, onun daha da genişlənməsinə şərait yaradıblar.
Söhbət rayonun Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsindən gedir. Böyük və intensiv hərəkətin olduğu bu küçə boyunca uzanan yaşıllıq zolağının üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu isə o deməkdir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab olunur və burada hər hansı tikinti və ya obyektin inşasına qanunvericiliklə yol verilə bilməz. Gələcəkdə yarana biləcək təhlükələri nəzərə alan məsuliyyətli sahibkar bu ərazidə hər hansı iş görməz. Lakin bütün bunlara baxmayaraq, illərdir yüksək gərginlikli elektrik xəttinin düz altında, yaşıllıq zolağı boyunca onlarla çay evi və digər iaşə obyektinin fəaliyyət göstərir. Hər gün yüzlərlə insan yüksək gərginlikli elektrik xəttinin altında oturaraq həyatını təhlükəyə atır.
Hazırkı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da diğırləri kimi bu problemi görmək istəmir. Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının da bu vəziyyətə göz yumduğu bəlli məsələdir.
Bütün bunların fonunda isə artıq Şirin Mirzəyev 151 ünvanında, Nizami telefon qovşağının 5 addımlığında tamamilə yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və işlər sürətlə davam edir. Hazırkı mənzərə onu göstərir ki, bina bu ərazidə birmənalı olaraq inşa edilir. Bir daha təkrar editrik, tikinti yüksəkgərginlikli elektrik xəttinin düz altında inşa edilir. Hələ ərazidə məhv edilən ağaclar da öz yerində...
Bu isə tikinti icazəsi ilə bağlı olduqca ciddi suallar yaradır. Belə bir tikintiyə kim icazə verib? Hansı əsaslarla bu layihə razılaşdırılıb? Tikinti təhlükəsizlik normalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə necə əsaslandırılıb?
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin və yüksək gərginlikli elektrik xətlərinin istismarı və təhlükəsizliyinə cavabdeh qurum olan "Azərenerji" ASC-nin bu tikinti ilə bağlı mövqeyi nədir? Onlar bu tikintiyə necə razılaşıblar: "Azərenerji" ASC-nin sədri Baba Rzayev bu tikintiyə necə icazə verildiyini və yüksək gərginlikli elektrik xəttinin altında aparılan işlərə münasibətini ictimaiyyətə açıqlayacaqmı?
Məsələ ilə bağlı adı çəkilən dövlət qurumlarının və Nizami Rayon İcra Hakimiyyətinin mövqeyi öyrənilməyə çalışılacaq.
Qarşı tərəfin cavab vermək və öz mövqeyini bildirmək hüququ qorunur.
Bizimesr.com
Aknews.az