Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır


Naxçıvan Muxtar Respublikasının Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda müəssisənin fəaliyyəti, eksponatların mühafizəsi və rəhbərliyin iş prinsipləri ilə bağlı ciddi iddialar səsləndirilir.
Məlumatlarda bildirilir ki, 1981-ci il dekabrın 18-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və rayonun tarixi-mədəni irsinin qorunması missiyasını daşıyan muzeydə idarəetmə ilə bağlı problemlər yaşanır. İddialara görə, direktor Sərxan Abdullayev vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmir, eksponatların uçotu və mühafizəsinə kifayət qədər diqqət ayrılmır.

Redaksiyamıza təqdim olunan məlumata əsasən, direktorun iş yerində müntəzəm olmadığı, muzeyə əsasən rəsmi tədbirlər zamanı gəldiyi və burada qaldığı vaxtın yarım saatı keçmədiyi iddia edilir. Həmçinin iddia olunur ki, Sərxan Abdullayev Naxçıvan Muxtar Respublikası Xəstəxanasının bufetini (yeməkxanasını) işlədir və vaxtının böyük hissəsini həmin fəaliyyətə sərf edir. Bu səbəbdən muzeyin gündəlik fəaliyyəti və idarə olunmasında ciddi boşluqların yarandığı bildirilir.

Ən diqqətçəkən iddia isə muzeydə saxlanılan, 300 ildən artıq tarixə malik eksponatlardan birinin yoxa çıxması ilə bağlıdır. Məlumat müəllifləri hesab edirlər ki, eksponatların uçot-təsvir sənədlərinin düzgün aparılmaması və nəzarətin zəifliyi belə hallara şərait yarada bilər. Bununla yanaşı, bu iddiaların hələlik rəsmi qaydada təsdiqini tapmadığını da qeyd etmək lazımdır.

Tarixi-mədəni irsi qoruyan dövlət müəssisələrində məsuliyyət və nəzarət xüsusi əhəmiyyət daşıyır. Əgər səsləndirilən iddialar öz təsdiqini taparsa, bu, təkcə bir muzeydəki idarəetmə problemi deyil, həm də dövlət mülkiyyətinin və milli-mədəni irsin qorunması sahəsində ciddi nəzarət mexanizmlərinin yenidən qiymətləndirilməsini zəruri edən məsələ kimi ortaya çıxacaq.

DogruXeber.tv məsələ ilə bağlı Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayevlə telefon əlaqəsi saxlamağa çalışsa da, cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini dinləməyə və təqdim ediləcəyi təqdirdə tam həcmdə dərc etməyə hazırıq.

Ümid edirik ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi səsləndirilən iddiaları obyektiv araşdıracaq və nəticələrlə bağlı ictimaiyyətə rəsmi məlumat verəcək.
Aknews.az

Xəbərlər