Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...


Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar ortaya çıxıb.
Bizimesr.com xəbər verir ki, müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsində iştirak etmək üçün portal.edu.az platforması üzərindən müraciət edən çoxsaylı namizəd ciddi problemlərlə üzləşib.
Məlumata görə, bir həftə əvvəl müraciət etmələrinə baxmayaraq, namizədlərin əksəriyyətinə hələ də heç bir cavab verilməyib. Bildirilir ki, platforma normal fəaliyyət göstərmir və göndərilən müraciətlər sistemdə "qaralama" statusunda qalır. Nəticədə namizədlər sənədlərinin qəbul edilib-edilmədiyini belə müəyyənləşdirə bilmirlər.
Bu isə ciddi narahatlıq və əlavə problemlər yaradır. Rəsmi portalda belə bir problemin hər il davam etməsi, sistemin nəzarətsiz və imtahanlara qeyri-ciddi münasibəti göstərir. Maraqlı məqamlardan biri də odur ki, cavab gözləyən şəxslərin əksəriyyətinin uzun illər peşə təcrübəsinə malik olduğu bildirilir. Bu isə seçim prosesinin hansı meyarlar əsasında aparıldığı ilə bağlı suallar yaradır.
Daha bir məlumata görə, ötən il peşə məktəblərində müqavilə əsasında işə qəbul edilən (?), lakin kifayət qədər iş stajı olmayan şəxslərin bu il keçirilən imtahanlarda iştirakına icazə verilməyib. Həmin şəxslərin sözlərinə görə, işə qəbul olunarkən onlara "gələn il keçiriləcək müəllimlərin işə qəbulu imtahanında iştirak edə biləcəksiniz" vədi verilib.
Lakin bu il məlum olub ki, onlarla bağlanan əmək müqavilələri bir illik deyil, cəmi 10 aylıq rəsmiləşdirilib. Məhz bu səbəbdən onlar müsabiqədə iştirak üçün tələb olunan şərtləri ödəyə bilməyiblər. Bu vəziyyət Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədovun fəaliyyəti ilə bağlı ciddi narazılıq yaradıb. İmtahanlarda iştirak hüququ əldə edə bilməyən bir sıra şəxslər yaranmış vəziyyətə görə məhz Murad Məmmədovun adını çəkərək narazılıqlarını ifadə edir və prosesin şəffaf aparılmadığını iddia edirlər. Bu barədə daha ətraflı şikayətlər qeyd olunacaq.
Belə görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi bu il də narazılıqlarla müşayiət olunur. Bir tərəfdən elektron sistemdə müraciətlərin "qaralama" statusunda qalması, digər tərəfdən isə müqavilə şərtləri ilə bağlı ortaya çıxan problemlər namizədlər arasında ikili yanaşmanın tətbiq edildiyini ortaya qoyur.
Ədil Hüseynli

Aknews.az

Xəbərlər