Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilərin satışı ilə bağlı daha bir fakt aşkarlanıb. Kəngərli rayonunda sahibkar S.M.-yə məxsus anbarda “külli miqdarda” saxta aksiz markası ilə markalanmış içkilər tapılıb. Dövlət Vergi Xidmətinin məlumatına görə, məhsullar götürülüb və faktla bağlı araşdırma aparılır. Aşkarlanan içkilərin sayı barədə isə dəqiq məlumat verilməyib.
Bəzi yerli sahibkarlar iddia edirlər ki, məsələ təkcə həmin sahibkarla məhdudlaşmır. Onların sözlərinə görə, saxta aksizli içkilər gömrük əməkdaşlarının nəzarəti altında Naxçıvana buraxılır, daha sonra topdansatış yolu ilə müxtəlif sahibkarlara paylanır.
Sahibkarlar həmçinin iddia edirlər ki, Vergi Xidmətinin bəzi əməkdaşlarının da bu sxemdən xəbəri var və satışla məşğul olan şəxslərdən mütəmadi rüşvət alınır. Onların sözlərinə görə, sahibkar tələb olunan məbləği ödəyə bilmədikdə və ya daha çox pul verməkdən imtina etdikdə yoxlamaya salınır və qanunsuz məhsullar həmin vaxt aşkarlanır.
Şikayətçilər hesab edirlər ki, əsas araşdırılmalı məsələ təkcə anbarda saxta aksizli içkilərin tapılması deyil, bu məhsulların Naxçıvana necə daxil olması və gömrük nəzarətindən hansı yolla keçməsidir. Onlar iddiaların gömrük və vergi orqanlarından kənar, müstəqil şəkildə araşdırılmasını tələb edirlər.
Gündəlik Naxçıvan
Aknews.az