Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı


Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərmiş qanunsuz bağça və onun arxasındakı idarəçilik mexanizmləri ətrafında qalmaqal böyüməkdədir. Əldə edilən məlumatlara görə, rəsmi dövlət qurumlarının qərarları ilə mərkəzdə fəaliyyəti 6 mart 2026-cı ildə dayandırılmış bağça biznesinin arxasında birbaşa Mədəniyyət Nazirliyinin ümumi şöbə müdiri və eyni zamanda aparat rəhbərinin müavini Elçin Nəcəfov dayanır.
Vətən müharibəsi iştirakçısı Mənsur Həsənovun sözlərinə görə, Elçin Nəcəfov vəzifə səlahiyyətlərindən istifadə edərək Qızıldaş Mədəniyyət Mərkəzində direktor vəzifəsini icra edən Gülnar Abbasovanı qanunsuz olaraq vəzifədə saxlayır:

“Qızıldaşda açılan qanunsuz bağça ilə bağlı nazirliyə ərizələr yazdım. Həmin ərizələr birbaşa olaraq Elçin Nəcəfovun ümumi şöbəsinə yönəldiyi üçün aylarla şikayətlərimə cavab verilmədi. Hesablama Palatası bağçanı bağlayıb, yazdı ki, çatışmazlıqlar var. Aylar sonra mən Milli Məclisə müraciət etdikdən sonra Elçin Nəcəfovdan məktub aldım ki, Gülnar Abbasovanın fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkarlanmadı. Bütün Azərbaycan bağçanın qanunsuz olduğunu və bağlandığını gördü, amma Elçin Nəcəfov görmədi. Belə çıxır ki, Hesablama Palatasının aşkar edib mənə məktubda yazdığı çatışmazlıqlar da yalandır? Elçin Nəcəfov bu cavabı mənimlə bərabər Prezident Administrasiyasına və digər qurumlara da göndərib. Bu adam bütün qurumları aldatmağa çalışır. Gülnar Abbasovaya Elçin Nəcəfov tərəfindən aşkar şəkildə dəstək verilir”.

Şöbə müdirinin imzası ilə göndərilən həmin məktubda qeyd olunub ki, mərkəzdə aylarla qanunsuz bağça fəaliyyəti ilə məşğul olmuş Gülnar Abbasovanın fəaliyyətində heç bir nöqsan aşkar edilməyib. Dövlətin ali audit orqanının qanunsuzluq taparaq bağladığı müəssisə barədə nazirlik rəsmisinin bu cür “bəraət” məktubu verməsi, Elçin Nəcəfovun bu biznesdə birbaşa maraqlı tərəf olduğunu və Gülnar Abbasovanı himayə etdiyini açıq şəkildə nümayiş etdirir.

Mənsur Həsənovun sözlərinə görə, Elçin Nəcəfovun digər qurumlara göndərdiyi məktublarda Mənsur Həsənova əvvəlki tarixlərdə Mədəniyyət Nazirliyindən cavab göndərilməsi ilə bağlı yalan məlumatlar yer alır:

“Elçin Nəcəfovun Hesablama Palatasına göndərdiyi cavabda mənə 10 aprel tarixində Gülnar Abbasova ilə bağlı şikayətimlə bağlı cavab verilməsi qeyd olunub. Halbuki mənə bu tarixdə heç bir məktub göndərilməyib.

Prezident Administrasiyasına müraciət olunduqdan sonra isə nədənsə aprel ayında mənə göndərdikləri məktubların sayı artaraq iki oldu. Guya 1 aprel tarixində də cavab göndərilib. Görünən odur ki, bu insanlar sənəd saxtalaşdırması edərək hamını aldatmağa çalışırlar. Bütün bunları etməkdə də Elçin Nəcəfovun məqsədi Gülnar xanımı vəzifədə saxlamaqdır.

Cənab Prezidentdən xahiş edirəm ki, bu cür məmurlarla bağlı təcili tədbir görsün. Sənədlər əvvəlki tarixə saxtalaşdırılır. Bu, ona işarədir ki, Elçin Nəcəfov qanundan qorxmur. Amma körpə uşaqlarımızın həyatının alver predmetinə çevrilməsi onu göstərir ki, bu adamlar Allahdan da qorxmurlar.

Qanunsuz fəaliyyətə göz yumanlar gec-tez cavab verəcəklər. Bütün varlığımla buna inanıram. Gülnar Abbasovanın qanunsuz fəaliyyətinə himayədarlıq edənlər nə qədər yüksək vəzifələrdə oturub vətəndaşın səsini boğmağa çalışsalar da, Allahdan böyük deyillər. Cənab Prezident həmişə xalqa müraciət edərək deyir ki, hansı məmurlar harınlayıb xalqa kəm gözlə baxırsa, mənə müraciət edin. Mən də məhz ona müraciət edirəm ki, bu insanlarla bağlı tədbir görsün”.

Qeyd edək ki, Elçin Nəcəfov əvvəllər Gənclər və İdman Nazirliyində çalışıb. Oradan işdən çıxdıqdan sonra 2021-ci ildə keçmiş nazir Anar Kərimovun əmri ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinə rəis, daha sonra isə nazirliyə ümumi şöbə müdiri təyin olunub. Hazırkı nazir Adil Kərimli onun vəzifəsini daha da artıraraq, eyni zamanda aparat rəhbərinin müavini təyin edib.

Başqa bir iddiaya görə, Gənclər və İdman Nazirliyindən işdən çıxarılan kadrlar Elçin Nəcəfovun himayədarlığı ilə Mədəniyyət Nazirliyində işə düzəlirlər.

"DİA-AZ"

 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı


Aknews.az

Xəbərlər