İsmayıllı rayonunun Tircan kənd sakini Əflatun Həsrətov bildirir ki, oğlu Vüsal Həsrətov İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib və üç rayonun azadlığı uğrunda döyüşlərdə - Füzuli, Xocavənd, Cəbrayıl rayonları uğrunda sona qədər mübarizə aparıb.
"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, Vüsal Həsrətov göstərdiyi xidmətlərə görə dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif olunub. Əflatun Həsrətov bildirir ki, Vüsal Həsrətovun bir övladı var və hazırda ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır. Onun sözlərinə görə, övladının ailəsinin mənzil və torpaqla bağlı vəziyyətini nəzərə alaraq İsmayıllı Rayon İcra Hakimiyyəti Nahid Baqırova müraciət edib və ailəyə 3 sot torpaq sahəsi ayrılmasını xahiş edib.
Lakin iddiaya görə, bu günə qədər müraciətinə heç bir müsbət cavab verilməyib. Vətəndaş həmçinin iddia edir ki, kəndin sabiq bələdiyyə sədri Rəşid İslamov tərəfindən 7 hektar torpaq sahəsinin qanunsuz şəkildə satılması və əldə olunan vəsaiti mənimsəmişdir. Əflatun Həsrətov hesab edir ki, belə bir vəziyyətdə Vətən uğrunda döyüşmüş övladının ailəsinə heç olmasa 3 sot torpaq sahəsinin ayrılması mümkün olmalı idi. Əflatun Həsrətov aidiyyatı qurumlara müraciət edərək məsələnin araşdırılmasını və övladının ailəsinin torpaqla təmin olunması ilə bağlı problemin həllinə köməklik göstərilməsini xahiş edir.
Aknews.az