Naxçıvan Həmkarlar İttifaqının sədrinin bitib-tükənməyən əmlak imperiyası - Şirkətlər borc içində, işçilər məcburi iməcilikdə...


Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin milyonluq əmlak siyahısı böyüməkdə davam edir.
Musavat.com-a daxil olan son məlumatda Qəzənfər Abdullayevin Naxçıvanda, “Atatürk” küçəsində yerləşən, daha çox “Kotonun binası” kimi tanınan binada 2 mənzili də üzə çıxıb. Məlumatda mənzillərin onun həyat yoldaşı Zəkiyyə Azər qızı Abdullayevanın adına rəsmiləşdirildiyi qeyd olunur. Bundan başqa, Naxçıvanda, Əlixan məhəlləsindəki 3 mərtəbəli nəhəng villasına bitişik 2 həyət evini alaraq qatdığı da bildirilir. Malikanənin həyətində istirahət parkı, geniş hovuzların salındığı da bildirilir.

Var-dövlət siyahısı geniş olan sədrin rəhbərlik etdiyi qurumda isə vergi borcları və məcburi əmək kimi məsələlər diqqət çəkir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Naxçıvan Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən müəssisələrin dövlətə ciddi vergi borcları yaranıb. Duzdağ Müalicə Mərkəzinin 21 min 629 manat, "Ağbulaq Xizək" MMC-nin 5 min 673 manat, "Duzdağ Estate" MMC-nin isə 35 min 757 manat vergi borcu var. Dövlət büdcəsinə borclar artdıqca, Qəzənfər Abdullayevin şəxsi əmlak siyahısı da artır.

"Moon" kafesi, Naxçıvanda üçmərtəbəli villa, Bakı və Naxçıvandakı mənzillər, eləcə də 200 min manatlıq "Toyota Land Cruiser" (75-RA-900) və "Mercedes-Benz S-Class" nəqliyyat vasitələri ilə yanaşı, yeni obyektlər də üzə çıxıb. Naxçıvan şəhərində "Təbriz" otelinin yaxınlığında yerləşən "Zümrüd kafe" və onun ətrafındakı çoxsaylı kupe tipli çay evləri də bu kompleksə daxildir.

Siyahıya "Mitsubishi L200" (77-GZ-900) və "Chevrolet Malibu" (75-GZ-900) modelləri əlavə edilib. Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında "GZ" seriyası və "900" rəqəm kombinasiyasından istifadə olunması diqqət çəkir.

Əmlak imperiyası genişləndiyi bir vaxtda Həmkarlar İttifaqlarının sistemində çalışan işçilərin vəziyyəti ağır olaraq qalır. Məlumatlara görə, işçilər öz əmək funksiyalarına aid olmayan iməcilik işlərinə məcburi cəlb edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi məcburi əməyi qadağan etsə də, işçilərin hüquqlarını qorumalı olan bir qurumun daxilində bu halın yaşanması hüquqi suallar doğurur. Əvvəllər də Duzdağ Müalicə Mərkəzi çalışanlarının aylarla maaş ala bilməməsi və ağır əmək şəraiti ilə bağlı şikayətlərinin ört-basdır edildiyi bildirilmişdi.

Ortaya çıxan mənzərə əsas sualı gündəmə gətirir: Naxçıvan Həmkarlar İttifaqları Şurası sədrinin rəsmi gəlirləri bu həcmdə mülk və avtomobillərin əldə olunmasına uyğundurmu və işçilərin hüquqlarını müdafiə etməli olan bir qurumda çalışanların hüquqlarını kim qoruyacaq?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aknews.az

Xəbərlər