45 yaşlı çeçen əsilli keçmiş “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski) Moskvaya qayıdıb. Maraqlıdır ki, Moskvada olduğu müddətdə nə vaxtsa onu başqalarının əli ilə titulsuz qoyan kriminal ağsaqqallar, nə də zamanında ona hamilik edən Badri onunla görüşə can atıb.
“Prime Crime” yazır ki, bu qayıdış fonunda xüsusilə diqqətçəkən məqam Moskvada Əhməd Şalinskinin azərbaycanlı “qanuni oğru”lar və azərbaycanlı icması ilə kəsişən maraqlarıdır.
Əhməd Şalinskinin təcrid olunduğu Moskva kriminal mühitində azərbaycanlı avtoritetlərin mövqeyi kifayət qədər möhkəmdir. Paytaxtda aktiv fəaliyyət göstərən iki azərbaycanlı “qanuni oğru” - Vaqif Bakinski və Taleh Dağlı öz həmyerlilərinə və biznes şəbəkələrinə tam nəzarət edir və bu sahədə ciddi uğur qazanıblar. Bundan əlavə, paytaxtdakı güclər nisbətində azərbaycanlılarla bağlı digər kəsişmələr də var. Bakıda anadan olmuş erməni avtoritet Artur Azərbaycandakı digər millətlərin nümayəndələrinə nəzarət cavabdehliyini bölüşür. Suxumidən olan gürcü avtoriteti Kimo və digər aparıcı simalarla yanaşı, bu kriminal elita üçün Əhməd Şalinski artıq “etibarını itirmiş” fiqurdur.
Əhməd Şalinskinin azərbaycanlı kriminal aləmlə münasibətlərindəki soyuqluq və gərginlik təsadüfi deyil. 10 illik cəza müddəti çəkərkən nəzarət etdiyi həbsxanalardan gələn pullarla şəxsi büdcəsini böyüdən Əhməd 2021-ci ildə “ümumi kassa”dan (obşak) 200 milyon rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunub.
Bu vəsaitlərin mühüm hissəsi məhz azərbaycanlı iş adamlarının və ticarət obyektlərinin nəzarət olunduğu sahələrdən toplanan paylar idi. Kriminal aləmdə “kassa mənimsəmə” (крысятничество) bağışlanmaz günah sayıldığı üçün Əhməd nəinki ümumi kriminal aləmin, o cümlədən azərbaycanlı “qanuni oğru”ların və biznes dairələrinin də gözündən düşüb.
Vadik Krasnodarskinin eyni maliyyə mənimsəmələrinə görə acınacaqlı taleyi Əhməd Şalinski üçün də ciddi siqnaldır. Məhz bu səbəbdən onun Moskvada mühafizəçilərlə gəzməsi sadəcə nümayiş deyil, özünü azərbaycanlı və digər zərərçəkmiş kriminal qruplaşmaların qisasından qorumaq üçün həyati zərurətdir.
Nəticə etibarilə, nə Moskvadakı nüfuzlu azərbaycanlı “oğru”lar, nə digər etnik avtoritetlər, nə də hətta 7 çeçen “qanuni oğru” Əhməd Şalinskiyə dəstək verir. Üstəlik, üzərində Rusiya CM-nin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ali mövqe tutma) üzrə təhlükə asılan Şalinski üçün Moskva artıq əvvəlki kimi gəlirli və təhlükəsiz məkan deyil. Belə bir vəziyyətdə olan Əhməd Şalinskinin Moskvada peyda olmasının səbəbləri aydın deyil. Onun kriminal qruplaşmalar arasında ixtilaf yaratmaq niyyəti ilə Moskvaya səfər etməsi də istisna olunmur.
Musavat.com
Aknews.az