İnterpol xətti ilə axtarışda olan 54 yaşlı Georgi Sorokin Misirdən Özbəkistana ekstradisiya edilib. O, kriminal aləmdə “qanuni oğru” kimi tanınıb və “Jora Taşkentski”, eləcə də “Soroka” ləqəblərindən istifadə edib. Sorokin 1990-cı ildən etibarən MDB ölkələrində törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb olunub.
Lent.az-ın xəbərinə görə, Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb ki, Georgi Sorokin Misirin Şarm əl-Şeyx şəhərindən Daşkəndə gətirilib. O, bir neçə il ərzində müxtəlif cinayətlərə görə axtarışda olub.
Özbəkistan əsilli və Rusiya vətəndaşı olan Sorokin son illər Dubayda yaşayıb. Onun üzərindən Rusiya vətəndaşına məxsus saxta pasport aşkarlanıb. Məlumata əsasən, o, uzun illər müxtəlif ölkələr arasında hərəkət etmək üçün həmin sənəddən istifadə edib.
İstintaq materiallarında qeyd olunub ki, Sorokin 2021-ci ildə Daşkənddə Cumayev, Curayev və digər şəxslərlə əlbir olaraq ümumi dəyəri 350 min ABŞ dolları olan iki evi ələ keçirib. O, ev sahibini hədələyib, döyüb və ailə üzvlərinə qarşı zorakılıq tətbiq edib. Daha sonra həmin evləri əlbir olduğu şəxslərin adına rəsmiləşdirib.
