Ömürlük məkum olan iş adamı Prezidentə müraciət etdi: “70 yaşım olacaq, xəstəyəm...”


Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hazırda Ədliyyə Nazirliyi Penitansiar Xidmətinin Qaradağ rayonu Umbaku qəsəbəsində yerləşən Qarışıq rejimli Penitansiar Kompleksdə cəza çəkən Gəncə şəhər sakini, iş adamı Şöhrət Quliyev ölkə başçısı, Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
Qeyd edək ki, müraciəti redaksiyamıza Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkili H.Hacıbalayev təqdim edib.

Şikayət məktubunda deyilir:

Hörmətli cənab Prezident!

Mən Bakı Ağır Cinayətlər məhkəməsinin 27.12.2010-cu il tarixli 1(101)-647/2010 saylı hökmü ilə tam qanunsuz və əsassız olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. O, vaxtdan indiyə kimi heç bir cinayət törətmədim və heç bir günahım olmadığı halda xüsusi və ağır rejim şəraitində cəza çəkirəm. Mən törətmədiyim cinayət əməllərinə görə 26.05.2009-cu ildə həbs olunmuşam və 17 ildən çoxdur ki, həbsdə saxlanılıram. Mən bir neçə ildir ki, qanunsuz həbs olunmağım və daha sonra ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyimin səbəbləri barədə sizə yazır və bu qanunsuz həbsdən azad olunmağım üçün ən ciddi tədbirlər görməyi sizdən dönə-dönə xahiş edirəm. Lakin yazdığım çoxaylı şikayət ərizələrim mənim qanunsuz həbs və məhkum olumağımda xüsusi maraqları olan qüvvələr tərəfindən qəsdən və bilərəkdən sizə çatdırılmır. Həmin qüvvələr çox yaxşı dərk edirlər və başa düşürlər ki, əgər göndərdiyim şikayət ərizələrində qeyd etdiyim faktlar obyektiv, tam və hərtərəfli araşdırılmış olsa, onların çox böyük problemləri yaranacaq. Sizin və Azərbaycan dövlətinin qanunları qarşısında bütün ciddiyyəti ilə cavab verməli olacaqlar.

Hörmətli cənab Prezident!

Mənim ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyimin səbəbi 26.05.2009-cu ildə Gəncə şəhərində həbs ediləndən sonra banda tutmaları və mənim tərəfimdən guya 8 nəfəri öldürməyim barədə verilən məlumatdır. İbtidai istintaq və məhkəmələrdə işə baxılan zaman tam müəyyən edilmişdir ki, mənim 2 nəfər şəxsin öldürülməsində hər hansı formada heç bir iştirakım olmayıb. Öldürülən həmin iki nəfər şəxslərdən birini, yəni Gəncə şəhər sakini Kamal Ələkbərovu Həsənov Anar Tahir oğlu, digərini, yəni Bakı şəhər sakini Əhməd İbrahimovu isə Şabanov İlham Fərman oğlu öldürmüşdür. Həm ibtidai istintaq, həm də məhkəmədə tam müəyyən edilmişdir ki, sizə verilən yalan məlumatın tam əksinə olaraq heç bir banda mövcud olmamış və mənim həmin banda dedikləri ilə heç bir əlaqəm olmamışdır. İlham Şabanov Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən, həm dindirilən zaman, həm də iki dəfə yazılı surətdə məhkəməyə təqdim etdiyi ərizələrində bildirmişdir ki, mən Quliyev Şöhrət Məmməd oğlunu tanımıram, indiyə kimi onunla heç bir münasibətim olmamışdır, Kamal Ələkbərovu isə özü öldürmüşdür. Onun öldürülməsi sifarişini isə ona Gəncə şəhər sakini Elmar adlı şəxs sifariş vermişdir. “Şöhrət Quliyevi tanımıram və Şöhrətin Kamal Ələkbərovun öldürülməsi cinayəti ilə heç bir əlaqəsi yoxdur”, - deyə o, bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində də İlham Şabanov eyni ifadələri vermişdir. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs Anar Həsənov da hər iki məhkəmə instansiyasında ifadələr verərək məhkəmənin nəzərinə dönə-dönə çatdırmışdır ki, Quliyev Şöhrəti tanımıram, onunla mənim indiyə kimi heç bir münasibətim və əlaqəm olmayıb. Anar Həsənov bildirib ki, mənə və İlham Şabanova iki nəfərin, yəni Kamal Ələkbərov və Əhməd İbrahimovun öldürülməsini sifariş verən Gəncə şəhər sakini Elmar adlı şəxs olub. Şöhrət Quliyevin bu iki nəfərin öldürülməsi ilə hər hansı şəkildə heç bir əlaqəsi və xəbəri olmayıb. Cinayət işi üzrə toplanmış fakt və sübutlar da mənim qeyd olunan bu iki nəfərin öldürülməsi cinayətləri ilə heç bir əlaqəmin olmadığını, mənə verilmiş ittihamın tam qanunsuz və əsassız bir ittiham olması tam şəkildə təsdiq edilmişdir. Lakin mənim həbsim xüsusi sifariş əsasında həyata keçirildiyindən məhkəmələr məni ən ağır cəzaya məhkum etdilər.

Bu sonradan müəyyən edilsə də, lakin həmin şəxslər sizə mənim baş verən cinayətlərdə heç bir əlaqəmin olmaması haqqında yenidən məruzə etməkdən qorxduqlarından və buna görə sizin tərəfinizdən ciddi şəkildə cəzalandırılacaqlarını bildikləri üçün bunu sizə deyə bilməyiblər. Bir daha bildirirəm ki, mən heç kimi öldürməmişəm və öldürülməsini sifariş verməmişəm. Ölən məlum, öldürən məlum, sifariş verən də məlumdur. Kiminsə sözü yalan çıxmasın, vəzifəsini itirməsin deyə mənə ömürlük cəza veriblər. Məhkəmələr müstəqil deyillər, onlar ancaq prokurorluğun sifarişini yerinə yetirirlər.

Hörmətli cənab Prezident!

Mən hazırda bir sıra xəstəliklərdən çox ciddi şəkildə əziyyət çəkirəm. Bu şikayət ərizəsini isə vəkilim vasitəsi ilə sizə ünvanlayıram. Mən 1957-ci ildə anadan olmuşam. Gələn il 70 yaşım tamam olacaq. 1988-ci ildən ikinci qrup əliləm. Qanunsuz yerə tutularaq məhkum ediləndən sonra görmə qabiliyyətimi əhəmiyyətli dərəcədə itirmişəm və şəkər xəstəliyinə tutulmuşam. Mənimlə bərabər ailə üzvlərimin də səhhətində ciddi problemlər yaranıb. 1973-cü ildən xırda ticarətlə məşğul olub ailəmi dolandıran adam olmuşam. 1990-cı ildən 2009-cu ildə həbs edilənə kimi Çin Xalq Respublikasından Azərbaycana qab-qacaq gətirib satmaqla məşğul olmuşam. Sadə bir iş adamı idim. Mənim cinayət əməli ilə heç bir əlaqəm olmayıb. Bu faktı məni tanıyan hər kəs də təsdiq edə bilər.

Hörmətli cənab Prezident!

Bütün Azərbaycan xalqı kimi mən də sizin ədalətinizə tam inanıram. Sizin rəhbərliyinizlə qazanılan hər bir uğura ürəkdən sevinirəm. Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu qələbə isə məni həddindən artıq sevindirmişdir. Sizin sayənizdə respublikamız gün-gündən inkişaf edir və yeni-yeni uğurlar əldə edir. Mən və mənim ailə üzvlərim və yaxınlarım tam inanırlar ki, əgər mənim müraciətlərim sizə çatarsa, siz mənə qarşı edilmiş qanunsuzluqları qısa vaxtda aradan qaldıracaq, haqq və ədalət qısa vaxtda bərpa olunub öz yerini tapacaq. Ona görə bu şikayət ərizəsini sizə yazmaqla xahiş edirəm ki, mənim qısa vaxtda qanunsuz həbsdən və məhkumluqdan azad edilməyim üçün ən ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini təmin edəsiniz. Görülən tədbirlər barəsində mənə məlumatın verilməsini xahiş edirəm.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
TEREF


Aknews.az

Xəbərlər