“Dəfələrlə Samiri basdırdığım yeri qazmaq istəmişəm ki, görüm oradadır?”


Ərini öldürməkdə ittiham olunan, ötən günlərdə 12 il müddətinə azadlıqdan məhrum edilən 40 yaşlı Elmira Əliyevanın məhkəməsində maraqlı detallar üzə çıxıb.
Ərinin meyitini həyətə basdırdıqdan sonra üzərinə gül əkən qadın, hadisədən sonra qarabasmalar gördüyünü, bu səbəbdən əməlini etiraf etdiyini deyib:

“Etiraf etməyimin səbəbi artıq yorulmağımla bağlı idi. Gözümə qarabasmalar görünürdü, Samirin səsi qulağıma gəlirdi. Hadisənin baş verdiyi otağa girə bilmirdim”.

Məlum olub ki, hadisə ailədaxili münaqişə zəminində baş verib, bu zaman Elmira əri Samir Əliyevə odlu silahdan atəş açaraq onu qətlə yetirib. Cinayətin izini itirmək istəyən qadın polisə ərinin itkin düşdüyünü bildirib:

“Hadisədən sonra silahı və mobil telefonu aparıb Bulvarda dənizə atdım. Evdəki qan ləkələrini təmizlədim. Ləkələr çıxmayan əşyaları zibilliyə atdım, yenisini aldım. Onu basdıranda yeri qazmaq üçün səhərə qədər vaxt sərf etdim. Dəfələrlə Samiri basdırdığım yeri qazıb baxmaq istəmişəm ki, görüm oradadır?”.

Elmira Əliyeva ifadəsində onu da bildirib ki, ayda 2-3 dəfə ərinin təkidi ilə narkotik vasitədən istifadə edib.

Samirin atası Arif Əliyev isə Elmiranın yalan danışdığını, bu hadisəni təkbaşına törədə bilməyəcəyini bildirib:

“Evdəki divan 2 metr 30 sm uzunluğunda olub, həmin divanı 6 kişi belə götürə bilməz, 2 ədəd qana batmış xalçanı, 1 böyük çarpayını da dəyişib. Evdən zibilliyə qədər 50 metr məsafə var, Elmiranın 2 ədəd xalçanı, çarpayını, döşəyi, divanı həmin məsafəyə tək başına aparması qeyri-mümkündür. Elmira hadisədən dərhal sonra mənə məlumat versəydi, bəlkə də onu bağışlayardım. Oğlumu öldürdüyü yerdə güllər əkib, mən də hər dəfə onları sulamışam”.

Bu cinayət hadisəsində maraqlı detallardan biri də ondan ibarətdir ki, Samir sağlığında çarpayını qiblə istiqamətində yerləşdirib. Lakin hadisədən sonra Elmira divardakı güllə izini örtmək üçün çarpayının istiqamətini dəyişib.

Samirin atası sonradan evdəki əşyalarda dəyişiklik olduğunun fərqinə varıb və bu barədə polisə məlumat verib.

Qeyd edək ki, Samirlə Elmira eyni məktəbdən məzun olublar. Bir-birini sevən tərəflər sonradan ailə həyatı qurub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib./Xitab24.az
Aknews.az

Xəbərlər