“Hollywood” şirkətlər qrupunun işçisi dava saldı: “Məndən pul tələb edir” – TƏFƏRRÜAT


Astara rayonunda 39 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən “Marciel” hotelin qarşısında baş verib.

1987-ci il təvəllüdlü İlkin Orucov yolu keçmək istəyən Şamilin əlindəki mobil telefonu yerə düşdüyündən ailə üzvlərinin yanında ünvansız nalayiq ifadələr işlətməsini ona irad tutub.

Şamilin yumruq atmasını bəhanə edib, sağ göz nahiyəsinə yumruqla vurub.

İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İlkin ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, Şamili 2024-cü ilin avqustun 3-dən 4-nə keçən gecəyə qədər tanımayıb: “Axşam mən, arvadım, Rusiya vətəndaşı olan xalam qızları, həmçinin dayım oğlu Yusifin həyat yoldaşı ilə birlikdə Astara şəhərində Xəzər dənizi sahilinə, adını xatırlamadığım restorana ad gününə getdik. Saat təxminən 22:20-də restorandan çıxdıq. Ərçivan qəsəbəsinə getmək üçün taksilərdən birinə əyləşmək istədik.

Bu zaman “Marciel” restoranına daxil olan, bir-biriləri ilə zarafatlaşan şəxslərdən adını sonradan bildiyim Şamilin əlindən mobil telefon yerə düşdü. O, telefonu yerdən götürərkən uca səslə nalayiq ifadələr işlətdi. Əsəbiləşərək Şamilə irad bildirdim, “heyvansan, görmürsən, ailə ilə dayanmşam, yanımda qadın var” dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əlinicat adlı bir nəfər onun qolundan yavaşca vurub, məhkəmə işçisi olduğunu deyib: “Əlinicat “oldu, keçdi” deyib üzr istədi. Ona "əlini aşağı sal" dedim. Bu zaman sağ tərəfimdə dayanmış Şamil nalayiq ifadələr işlədərək sifətimə yumruq vurdu. Əsəbiləşdim, belə hərəkət etməsinin səbəbini soruşdum. Mənimlə döyüşə hazır olduğunu bildirdi, “gəl bura, ağzını cıracam” söylədi. Bu səbəbdən sol yumruğumla Şamilin sifətindən vurdum. O, xəsarət alaraq yerə yıxıldı.

Yoldan keçən əmim oğlu Bəylər avtomobili saxlayaraq Əlinicata “ayıb deyil, qohumsuz, belə hərəkət edirsiniz” dedi, məni və yanımda olan qadınları Ərçivan qəsəbəsinə apardı. Qadınları avtomobildən düşürdükdən sonra Əlinicatla əlaqə saxladım, harda olduğunu soruşdum. O da xəsarət almış şəxslə Astara Rayon Mərkəzi Xəstəxanasına getdiyini bildirdi.

Xəstəxanaya getdikdə öyrəndim ki, dava-dalaş salan şəxsin adı Şamil, digərininki Əlinicatdır, Ərçivan sakinləridir, xalaoğludurlar”.

İlkinin sözlərinə görə, avqustun 4-də Əlinicat zəng edərək onu Xəzər dənizi sahilində yerləşən “007 BEACH” adlı kafeyə çağırıb: "Orada Şamillə görüşdük, məndən gözünün müalicəsi üçün pul istədi. Mən isə gözünü xəstəxanada yoxlatdırmasını, müalicəyə lazım olan pulu verəcəyimi bildirdim.

İki gündən sonra Şamil mesaj yazdı, səs atdı, göz klinikasına getdiyini, 25 manat dərman pulu, 100 manat müayinə pulu istədi. Onun bank kartına 40 manat dərman pulu, 100 manat müayinə pulu göndərdim. Sonrakı vaxtlarda Şamil bir neçə dəfə zəng edərək, həmçinin qohumu Əlinicatın vasitəsilə sifariş göndərərək müxtəlif məbləğlərdə pul tələb etdi. Əlinicatdan 100 manat pulu Şamilə göndərməsini istədim, sonradan borcu qaytaracağımı bildirdim. Əlinicatın pulunu da qaytardım”.

Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin fevralın 10-da Şamil ona zəng edib və yenidən 100 manat tələb edib: “Şamilə təxminən 9 aydır işləmədiyimi deyib pulumun olmamasını izah etdim. Şamil votsap sosial şəbəkəsində qrup açdı, Əlinicatı və məni qrupa daxil edərək hər ikimizin ünvanına nalayiq ifadələr işlətdi. Biz ona heç bir cavab yazmadıq.

Bir neçə gün sonra Bakı şəhərində “Baku Elektrocs”in yanından keçdikdən sonra mobil telefonuma votsap sosial şəbəkəsində SMS gəldiyini gördüm. Mesajda “ay çaqqal, səni tapdım, “Baku Elektrocs”in yanında qalırsan, heyf ki, ailəmlə idim, səni tapıb, gözünü ətəyinə tökəcəm” yazılmışdı. Ona heç bir cavab vermədim, fərqli mobil nömrələrdən zəng etsə də, zənglərini açmadım”.

İş üzrə zərərçəkmiş Şamilin sözlərinə görə, Astara rayonuna ailə üzvləri ilə istirahətə gəlib: “Xəzər dənizinin sahilində “Marciel” hoteldə qalırdıq. Həmin gün saat 12 radələrində ailə üzvlərimlə Ərçivan qəsəbəsində yaşayan xalam İradənin evinə qonaq getdik.

Gecə saatlarında bulvar ərazisində xalam oğlu Əlinicatla birlikdə hotel istiqamətində yolu keçərkən mobil telefon əlimdən düşdü, ekranı qırıldı. Telefonu yerdən götürərək əsəbləşdiyim üçün çox da yüksək olmayan səslə qeyri-etik ifadə işlətdim. Bizdən 15-20 metr aralıda dayanan İlkin yaxınlaşıb iradını bildirdi. Mən və Əlinicat İlkini görmədiyimizi dedik, dəfələrlə üzr istədik. İlkin bu sözlərə əhəmiyyət vermədən üzərimə hücum çəkdi, ünvanıma nalayiq ifadələr işlətdi və qışqır-bağır salaraq mübahisəni böyütdü.

Onu kənara itələdim, məndən aralı dayanmasını tələb etdim. Bu zaman tanımadığım bir oğlan yaxınlaşıb, kənara getməyimi istədi, dedi ki, İlkin boksçudur, indi də içkilidir, belə anda o, dəli olur. Onunla hotelin kotejləri arasına getməyə başladım. 15-20 metr aralandıqdan sonra Əlinicatın arxada qaldığını görüb dayandım. Qəfil qaranlıqdan istifadə edən İlkin yaxınlaşaraq üzümə zərbə endirməyə başladı. Zərbələrin təsirindən yerə yıxıldım. Özümə gələndə gözümün partladığını, bütün üst-başımın qana bulaşdığını gördüm”.

Astara Rayon Məhkəməsinin hökmü ilə İlkin 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi, yaşayış yerini bu müddətdə hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsi qadağan olunub.

Təqsirləndirilən şəxsdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə isə 500 manat məbləğində pul tutulub zərərçəkmiş şəxsə ödənilməsi qərara alınıb.

Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilməsini, əməlini həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini, amnistiya aktını tətbiq edərək məsuliyyətdən azad edilməsini istəyib.

Zərərçəkmiş şəxsin nümayəndəsi də apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün cəzanın təyin edilməsi və mülki iddianın qismən təmin olunması hissəsində ləğvini, təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Bundan əlavə, dövlət ittihamçısı da apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin barəsində olan hökmün dəyişdirilməsini, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan mərhumetmə cəzasının təyin olunmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsi həm apellyasiya şikayətlərini, həm də apellyasiya protestini rədd edib.

Qeyd edək ki, İlkin Orucov “Hollywood” şirkətlər qrupunda gecə nəzarətçisi işləyib. Şirkətin tabeliyində iki otel, bir çox yerlərdə restoranlar şəbəkələri var.

Aknews.az

Xəbərlər