ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək


ABŞ Prezidenti Donald Trampın administrasiyası daha əvvəl Avropa və Yaxın Şərqin bir sıra ölkələri üçün nəzərdə tutulan 52 milyon dollar vəsaiti Latın Amerikası ölkələrinə dəstəyə yönəltmək qərarına gəlib.
İlkin olaraq Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün təsdiqlənmiş vəsait Panama, Peru, Ekvador və Kolumbiyaya yönəldiləcək.

Qəzetin məlumatına görə, Dövlət Departamenti müvafiq planlar barədə Konqresi hələ sentyabr ayında məlumatlandırıb. Demokrat senator Cin Şeyhin və Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Qreqori Miks vəsaitlərin yenidən bölüşdürülməsinə qarşı çıxaraq prosesi bloklayıblar.

Lakin administrasiya bu həftə qanunvericilərin etirazlarına baxmayaraq vəsaitlərin yenidən bölüşdürülməsini həyata keçirmək niyyətində olduğunu Konqresə bildirib.

Dövlət Departamenti The Washington Post qəzetinə açıqlamasında qərarın ABŞ-ın milli maraqlarına uyğun olduğunu bildirib.

"Vəsaitlərin Yaxın Şərqdən və Avropadan Qərb yarımkürəsinə yönəldilməsi milli təhlükəsizlik strategiyasına uyğundur. Regionumuza yönəldilən maliyyələşdirmə Qərb yarımkürəsində narkoterrorizmlə mübarizəyə kömək edəcək və Panama kanalının təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək", – deyə nazirlik qeyd edib.

Aknews.az

Xəbərlər