Səbail RİH-dən yüksəkgərginlik xətti altındakı obyektlə bağlı açıqlama - "Əraziyə DƏDRX çıxarış verib"


Səbail RİH-dən yüksəkgərginlik xətti altındakı obyektlə bağlı açıqlama - "Əraziyə DƏDRX çıxarış verib"
Ötən gün Səbail rayonu, Badamdar qəsəbəsində ağacların kəsilməsi və yüksək gərginlikli elektrik xəttinin altında obyektlərin inşa edilməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Bizimesr.info-nun sorğusuna cavab verilib.
Bizimesr.info bildirir ki, rayon icra hakimiyyətinin cavabında qeyd olunur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 510 saylı sahə ünvanında yerləşən 0,2814 hektar (2 814 kvadratmetr) torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) müvafiq çıxarışına əsasən xüsusi mülkiyyətdədir.
Rəsmi cavabda həmçinin bildirilib ki, sözügedən torpaq sahəsində məlumatlandırma icraatı qaydasında, “bir pəncərə” elektron sistemi vasitəsilə təsdiq olunmuş layihə əsasında tikinti işləri aparılır.
Lakin rayon icra hakimiyyətinin cavabında məsələ ilə bağlı bir sıra suallar açıq qalıb.
Belə ki, məlumatda ərazidə ağacların kəsilməsi, tikinti işlərinin yüksək gərginlikli elektrik xəttinin altında aparılması və digər məqamlarla bağlı suallar yer alsa da, rəsmi cavabda bu məsələlərə aydınlıq gətirilmir.
Eyni zamanda, cavabda torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını təsdiqləyən DƏDRX çıxarışının nömrəsi, verilmə tarixi, tikinti içazəsi və digər təsdiqedici məlumatlar təqdim edilməyib.
Bu baxımdan maraqlı məqam ondan ibarətdir ki, yüksək gərginlikli elektrik xəttinin keçdiyi ərazidə yerləşən torpaq sahəsinə müvafiq çıxarış hansı hüquqi əsaslarla verilib və həmin ərazidən istifadə ilə bağlı hansı məhdudiyyətlər mövcuddur?
Həmçinin təsdiq olunmuş layihənin hansı qurum tərəfindən və hansı şərtlərlə razılaşdırıldığı, layihənin ərazidəki yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasını nəzərə alıb-almadığı da açıq olaraq qalır.
Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, eləcə də "Azərenerji" ASC və digər aidiyyəti qurumların münasibəti maraqlıdır.
Məsələnin bütün tərəflərinin mövqeyini işıqlandırmağa və aidiyyəti qurumların açıqlamalarını dərc etməyə hazırıq.
Ədil Hüseynli

Səbail RİH-dən yüksəkgərginlik xətti altındakı obyektlə bağlı açıqlama - "Əraziyə DƏDRX çıxarış verib"



Aknews.az

Xəbərlər