Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Mətni Baş prokuror Kamran Əliyev oxuyub.
Müraciətdə deyilir:
"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.
Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.
İclasın işinə uğurlar arzulayıram".
Aknews.az