Karalyokun faydaları - Orqanizmə necə təsir edir?


Payız-qış mövsümünün sevilən meyvələrindən olan karalyok zəngin vitamin və mineral tərkibi ilə seçilir. Bu meyvə immunitetin dəstəklənməsinə, həzm sisteminin fəaliyyətinə və ürək sağlamlığının qorunmasına kömək edir.
Metbuat.az xəbər verir ki, karalyok A və C vitaminləri, kalium, lif və antioksidantlarla zəngindir.

Meyvənin tərkibindəki lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini dəstəkləyir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir.

Karalyokda olan C vitamini immun sisteminin normal fəaliyyətində, A vitamininin yaranmasında iştirak edən beta-karotin isə göz sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bundan başqa, meyvənin tərkibindəki kalium qan təzyiqinin normal səviyyədə saxlanmasına, antioksidantlar isə hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasına kömək edir.

Qeyd edək ki, karalyokun həddindən artıq istehlakı həzm narahatlığı yarada bilər. Xüsusilə tam yetişməmiş meyvənin çox yeyilməsi məsləhət görülmür. Şəkərli diabeti olan şəxslər də onun qəbul miqdarına diqqət etməlidirlər.

Aknews.az

Xəbərlər