Mübariz Mənsimov “söyüş müxalifətini” maliyyələşdirib! – Vidadi İsgəndərlinin qardaşından ağır iddia


Fransada qətlə yetirilən bloqer Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimoğlu ilə bağlı son dərəcə ciddi iddia səsləndirib.
Musavat.com xəbər verir ki, Oqtay İsgəndərlinin sözlərinə görə, Mübariz Mənsimov Vidadi İsgəndərliyə pul göndərib və həmin vəsaitin bir hissəsinin Avropada yaşayan azərbaycanlı bloqerlərə çatdırılmasını istəyib.

İddia olunur ki, məqsəd həmin şəxslərin Mənsimov və ailəsi əleyhinə söyüş, təhqir və ittihamlarla çıxış etmələrinin qarşısını almaq olub.

Oqtay İsgəndərli bildirib ki, özü, qardaşı Vidadi İsgəndərli və Fuad Ağayev adlı şəxs Mübariz Mənsimoğlu ilə bu barədə danışıqlar aparıblar.

Onun təqdim etdiyi versiyaya görə, Mənsimov Vidadi İsgəndərliyə zəng edərək belə deyib:

“Avropada ən nüfuzlu adam sənsən. Mənə qarşı söyüşlərin qabağını al. Onlar məni pula görə söyürlər. Sən bu pulu al, bloqerlərə ver, məni söyməsinlər”.

Bu iddia doğrudursa, söhbət adi maliyyə yardımından deyil, xarici kəşfiyyatlarla işləyən internet fəallarının və söyüş ritorikası ilə tanınan bloqerlərin pul vasitəsilə idarə edilməsindən gedir.

Oqtay İsgəndərli Vidadiyə göndərilən pulların qəbzlərinin də olduğunu deyib. Onun sözlərinə görə, Fuad Ağayev Vidadi İsgəndərliyə 18 min avro verərək Mübariz Mənsimovdan gələn pul köçürmələrinin qəbzlərini alıb.

Oqtay İsgəndərli başqa şəxslərin həmin qəbzlərə istinadən Mənsimovun Vidadi İsgəndərliyə və qardaşına 70 min avro verdiyini söylədiklərini bildirib. O, pulların qardaşlar arasında bölüşdürülməsi barədə deyilənləri rədd etsə də, Mənsimoğlundan Vidadiyə pul göndərildiyini inkar etməyib.

Məsələni daha da ciddi edən budur ki, Mübariz Mənsimovdan Vidadi İsgəndərliyə pul göndərilməsi barədə iddia ilk dəfə səslənmir.

Vidadi İsgəndərlinin sağlığında yayılan bəzi videolarda da onun Mübariz Mənsimovdan pul aldığını etiraf etdiyi bildirilirdi. Həmin vaxt internet resurslarında 70 min, 170 min, hətta 175 min avro kimi fərqli məbləğlər göstərilmişdi.

Rəqəmlər bir-birindən fərqlənsə də, əsas iddia dəyişməyib: Mübariz Mənsimov Avropada yaşayan Vidadi İsgəndərliyə pul göndərib.

İndi eyni iddianı mərhum bloqerin qardaşı açıq şəkildə təkrar edir və pulun hansı məqsədlə verildiyini də açıqlayır.

Əgər Oqtay İsgəndərlinin dedikləri həqiqətdirsə, ortaya olduqca böyük siyasi və informasiya skandalı çıxır. Çünki bu halda Azərbaycanda və Avropada “siyasi müxalifət” adı altında fəaliyyət göstərən, lakin əsasən söyüş və təhqirlərlə gündəmə gələn bəzi şəxslərin pul qarşılığında mövqe dəyişdirdiyi, müəyyən adamları hədəfə aldığı və ya hədəfdən çıxardığı iddia olunur.

Bu, həm də “söyüş müxalifəti” adlandırılan şəbəkənin həqiqətən ideoloji-siyasi motivlərlə deyil, müxtəlif maliyyə mərkəzlərinin sifarişləri ilə fəaliyyət göstərməsi barədə ciddi iddia yaradır.

Mübariz Mənsimovun Azərbaycan hakimiyyəti ilə münasibətlərinin uzun müddətdir soyuq olduğu məlumdur. Onun rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupu ilə SOCAR arasında böyük məbləğli kommersiya və arbitraj mübahisələri yaşanıb. Mənsimoğlu 2020-ci ildə Türkiyədə həbs olunub, 2021-ci ildə isə FETÖ-nün iyerarxik strukturuna daxil olmadan təşkilata bilərəkdən yardım etmək ittihamı ilə beş il həbs cəzası alıb. Sonradan məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Belə bir şəxsin Avropada Azərbaycan hakimiyyətini ən sərt və təhqiramiz formada hədəfə alan bloqerlərlə maliyyə münasibətlərində olması barədə iddia sıradan xəbər sayıla bilməz.

Xüsusilə də iddia təkcə üçüncü şəxslərin söylədiklərinə əsaslanmır. Vidadi İsgəndərlinin sağlığında yayılmış görüntülər, müxtəlif vaxtlarda mediada dərc edilmiş materiallar və indi qardaşının açıqlaması eyni məsələyə işarə edir.

Musavat.com xatırladır ki, Vidadi İsgəndərli 29 sentyabr 2024-cü ildə Fransanın Müluz şəhərində yaşadığı evdə üç maskalı şəxsin hücumuna məruz qalıb. Ona 20-dən çox bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən söyüş bloqeri oktyabrın 1-də ölüb.

Obyektivlik naminə qeyd edək ki, hazırda Mübariz Mənsimovun Vidadi İsgəndərliyə pul göndərməsi barədə iddia ilə onun qətli arasında hər hansı əlaqəni göstərən təsdiqlənmiş sübut yoxdur. Bunlar bir-birindən ayrı məsələlərdir. Lakin Vidadi İsgəndərlinin ölümündən sonra onun maliyyə əlaqələri barədə qardaşının danışması və əvvəlki iddiaları yenidən gündəmə gətirməsi diqqətdən kənarda qala bilməz.

Mübariz Mənsimov isə onun ünvanına səslənən bu ağır ittihamlara hələlik cavab verməyib.

O, Vidadi İsgəndərliyə pul göndəribmi? Göndəribsə, söhbət hansı məbləğdən gedir? Pul şəxsi yardım məqsədilə verilib, yoxsa Avropadakı bloqerlərə paylanması nəzərdə tutulub? Mənsimov konkret olaraq hansı şəxslərin onun əleyhinə çıxışlarını dayandırmaq istəyib? Digər bloqerlər də bu maliyyə mexanizmindən yararlanıblarmı?

İddia bir dəfə deyil, müxtəlif şəxslər və mənbələr tərəfindən dəfələrlə təkrar olunub. Artıq məsələni susmaqla keçişdirmək mümkün deyil.

Mübariz Mənsimoğlu bu suallara cavab verməli, Vidadi İsgəndərli və Avropadakı azərbaycanlı bloqerlərlə maliyyə münasibətlərinin olub-olmadığını ictimaiyyət qarşısında açıqlamalıdır.

Musavat.com Mübariz Mənsimovun və onun nümayəndələrinin mövqeyini dərc etməyə hazırdır.

Aknews.az

Xəbərlər