Rəmzi Məkan: Laçın – Zəfərin və Gələcəyin Qapısı.


Prezident İlham Əliyevin 2025-ci il 28 may tarixində Laçın şəhərində çıxışı Azərbaycanın müasir siyasi xəritəsində əhəmiyyətli dönüş nöqtələrindən biri kimi dəyərləndirilə bilər. Bu çıxış sadəcə Respublika Gününə həsr olunmuş mərasim çərçivəsindəki nitq deyil, həm də Azərbaycanın yeni dövrdə geosiyasi vizionunu, tarixi yaddaşını və regional strateji tərəfdaşlıqlarını ortaya qoyan mühüm siyasi bəyanat idi.
Laçın təkcə bir coğrafi ərazi deyil, Azərbaycan üçün strateji və emosional baxımdan xüsusi çəkisi olan bir məkandır. 30 ilə yaxın müddətdə işğal altında qalmış bu şəhərdə Respublika Gününün qeyd olunması, özü-özlüyündə həm tarixə sayğı, həm də gələcəyə verilən ciddi mesaj kimi qəbul olunmalıdır. Prezidentin vurğuladığı kimi, bu gün Laçında yalnız Azərbaycan bayrağı deyil, həm də qardaş Türkiyə və Pakistanın bayraqları dalğalanır. Bu, üç ölkə arasında inkişaf edən münasibətlərin artıq yalnız diplomatik münasibət deyil, dərin strateji əməkdaşlıq səviyyəsinə çatdığını göstərir. Laçında baş tutan mərasimdə üç qardaş ölkənin birlikdə iştirakı bir sıra siyasi mesajlar verdi. Bu birliyin kökü tarixə, ortaq mədəni və dini dəyərlərə bağlı olsa da, bu gün onu daha çox ortaq təhlükəsizlik maraqları, iqtisadi inteqrasiya və regional sabitlik təşviq edir. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, geniş Avrasiya məkanının vacib siyasi aktorlarından birinə çevrilir. Bu kontekstdə Türkiyə və Pakistanla formalaşdırılan üçtərəfli əməkdaşlıq platforması regional güc balansında yeni çəki mərkəzi formalaşdırır.

Prezident İlham Əliyevin çıxışında 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə istinad sadəcə tarixi bir xatırlatma deyildi. Bu, Azərbaycanın müstəqillik ideyasına sadiqliyinin, milli dövlətçilik təfəkkürünün və azadlıq ruhunun davamlılığını təsdiq edən fundamental bir mesaj idi. 107 il əvvəl müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın mirası bu gün Prezident İlham Əliyevin liderliyi ilə daha güclü, daha sabit və suveren bir dövlətin bünövrəsində yaşayır.

Çıxışın ən təsirli məqamlarından biri Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı erməni işğalı və Xocalı soyqırımı ilə bağlı verdiyi mesajlar idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz təkcə torpaq işğalı deyil, həm də insanlığa qarşı törədilmiş cinayətlər idi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı, yüz minlərlə azərbaycanlının didərgin salınması beynəlxalq ictimaiyyətin laqeydliyi fonunda baş verdi. Lakin bu sükut Azərbaycan xalqının qürurunu və əzmini sarsıtmadı – əksinə, onu birləşdirdi və gələcək zəfərlərə doğru yönəltdi.

Bugünkü Laçın artıq başqa bir reallığın simvoludur. 2020-ci ildə əldə olunan tarixi qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli kimliyin, mədəni irsin və sosial ədalətin bərpası idi. Prezident İlham Əliyev çıxışında bu dönüşü açıq şəkildə ifadə etdi: “Biz qayıtmalıydıq və qayıtmışıq.” Artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesi gedir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur – bu, həm fiziki, həm də mənəvi infrastrukturun bərpasıdır.

Prezidentin çıxışında gələcəyə dair verilən ən güclü mesajlardan biri də Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin perspektivləri ilə bağlı idi. Bu əməkdaşlıq artıq sadəcə siyasi və humanitar çərçivədə deyil, iqtisadi, müdafiə və texnologiya sahələrində də yeni mərhələyə qədəm qoyur. Bu, regionda sabitlik və inkişaf üçün mühüm təminat hesab oluna bilər: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

28 May 2025-ci ildə Laçından səslənən nitq, həm Azərbaycan xalqının tarixi yolunun təhlili, həm də gələcək strateji istiqamətlərinin bəyanı idi. Tarixə hörmət, şəhidlərin ruhuna ehtiram və gələcək nəsillərə verilən vəd bu çıxışda bir araya gəldi.
Samirə Hüseynova

Xəbərlər