Şanlı Zəfərdən suverenliyə


Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Xalqın öz taleyinə sahibliyidir.
2023-cü ilin 19 sentyabrında Azərbaycan dövlətinin Qarabağda apardığı 23 saatlıq antiterror əməliyyatı uğurlu nəticələrinə görə milli dövlətçilik salnaməmizdə hər zaman qürurla xatırlanacaq mühüm hadisədir. Bu əməliyyat Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün həm böyük siyasi, həm də tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenliyinin təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həlli, Azərbaycanın regional təhlükəsizliyi və geosiyasi mövqeyinin daha da güclənməsi, tarixi ədalətin öz yerini tutması və digər bu kimi amillər antiterror əməliyyatının siyasi-tarixi əhəmiyyətini şərtləndirir.
Prezident İlham Əliyev ötən il 19 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması ilə bağlı sərəncam imzaladı. Bununla da 2023-cü ildə Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqdimdə rəsmiləşdi. Sərəncamda oxuyuruq: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".
Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik dövründə xalqımız çox böyük nailiyyətlər qazandı. Bu nailiyyətlərin hər birinin milli yaddaşımızda öz yeri, milli dövlətçilik tariximizdə öz rolu var. Amma bunlardan heç biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması faktı ilə müqayisə edilə bilməz.
Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam təmin olunması proseslərinin başa çatdırılması üçün belə bir əməliyyatın aparılması labüd idi və Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli ordumuzun gücü ilə bu tarixi missiyanı da uğurla yerinə yetirdi.
2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Əməliyyatın keçirilməsinin əsas məqsədləri üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, Qarabağ iqtisadi rayonunda Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, ərazidə qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərk-silah edərək çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, işğaldan azad olunmuş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq prosesinə cəlb edilmiş mülki işçilərin və Azərbaycan hərbçilərinin təhlükəsizliyini qorumaq, eləcə də ölkənin konstitusiya quruluşunu bərpa etmək idi.
Bir gündən də az, cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində bölgədə mövcud olan Ermənistan hərbi birləşmələri tam şəkildə tərk-silah edilib Azərbaycan ərazisindən çıxarıldı, separatçı qurumun qalıqları isə özünü buraxmaq məcburiyyətində qaldı. Bununla da Azərbaycan ərazisində separatizm və qeyri-müəyyən statuslu "boz zona"ya son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam şəkildə təmin edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev antiterror əməliyyatından sonra 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq əlamətdar Qələbəni rəsmi olaraq təsdiqlədi. Eyni zamanda 2023-cü ilin 8 noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi.
Bu gün Azərbaycan bütün dünyada ədalət uğrunda mübarizə aparır. İnsan ədalətin təmin olunduğunu görəndə özünü daha güclü, əmin, məmnun hiss edir. Çünki ədalət həyatımızda mizan yaradan ali dəyərdir. Ona görə həm ayrı-ayrı şəxslər, həm bütövlükdə xalqlar bu dəyərə çatmaq istəyir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Xəbərlər