"Astaranın Ojakəran kəndi yaxınlığındakı 2 hektarlıq meşəlik ərazidə bir sahibkar feyxoa bağı salmaq adı ilə fürsət düşdükcə meşə ağaclarını kəsir. Ərazidə əkilmiş feyxoa ağacları başqa yerə köçürülməlidir, çünki ora feyxoa bağı yeri deyil, meşə fondu ərazisidir..."
"DİA-AZ" xəbər verir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalır.
Onlar daha sonra bildirirlər: "Buradan aidiyyəti qurumlara müraciət edirik: Sözügedən qanunsuz fəaliyyətə yol verən həmin sahibkarı cəzalandırın, feyxoa ağaclarının ərazidən çıxarılaraq başqa yerə köçürülməsini təmin edin. Əks halda, onları özümüz kökündən çıxarmağa məcbur olacağıq. Bu barbarlığa dərhal və birdəfəlik son qoymaq lazımdır.
Unutmayaq ki, sözügedən ərazi UNESCO-nun təbii irs siyahısına daxil edilmiş Hirkan meşələrinin bir hissəsidir. Artıq neçə ildir ki, həmin sahibkar burada meşə ağaclarını məhv edərək feyxoa bağı genişləndirməyə çalışır. Palıd və digər ağacların budaqları kəsilir ki, feyxoa bağına gün düşsün və inkişaf etsin.
Bir neçə il əvvəl bu məsələ ilə bağlı kampaniya apararaq əlavə ağacların qırılmasının qarşısını ala bilmişdik. Təəssüf ki, proses bir neçə gün əvvəl yenidən başlayıb.
Ağacların gövdəsini deşib içinə kimyəvi maddə tökən, qabığını soyaraq onları qəsdən məhv edən sahibkar barədə ciddi tədbirlər görməyin vaxtıdır..."
"DİA-AZ" bildirir ki, artıq baş verən olayla bağlı müvafiq qurumların hərəkətə keçdiyi bildirilsə də, bu da yetərli deyil.