Zərdabda beş nəfərin həyatını itirdiyi və bir şəxsin xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 8-də saat 23:00-da Yarməmmədbağı kəndinin ərazisində baş verib.
Elyar Məhəmmədovun idarə etdiyi KIA markalı, 77-BF-554 dövlət nömrə nişanlı minik avtomobili Vicay Ağayevin idarə etdiyi "Lovol" markalı 63-TG-062 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə avtomobildə yanğın baş verib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
"Zərdab-Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində beş nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıq əksetdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.
Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.
Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır", - müraciətdə deyilir.
Aknews.az