Gürcüstanda supermarketlərin birində azərbaycanlılara qarşı baş vermiş qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunan daha bir nəfər Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aknews.az xəbər verir ki, bu barədə Apsny.ge məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs 1997-ci il təvəllüdlü Ş.A.-dır.
Qeyd edək ki, bu cinayət işi üzrə daha əvvəl bir neçə nəfər - 1970-ci il təvəllüdlü Manana Giorqobiani, 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.G., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. - saxlanılıb.
İlkin istintaqın nəticələrinə əsasən, noyabrın 2-də gecə saatlarında Tbilisidə supermarketin yaxınlığında bir qrup şəxs iki azərbaycanlı işçiyə qarşı zorakı hərəkətlər törədib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci hissələri - qrup halında zorakılıq və onun təşkili faktları üzrə istintaq aparılır. Qanunvericiliyə əsasən, bu əməllər doqquz ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.