Naxçıvanın yeni Konstitusiyası NƏYİ DİQTƏ EDİR - Səlahiyyətli nümayəndə TAM SƏLAHİYYƏT SAHİBİ olacaq...


Milli Məclis Naxçıvanda idarəetməni köklü şəkildə dəyişəcək yerli Konstitusiyaya edilən dəyişiklikləri ikinci səsvermədə qəbul edib. Bu qanun layihəsi 6 ay sonra yenidən səsverməyə çıxarıldıqdan sonra qüvvəyə minə bilər.
Naxçıvan Konstitusiyasına hansı dəyişikliklərin nəzərdə tutulduğunu izah etmək üçün köhnə sistemlə yeni modeli müqayisə edək.

Əvvəl necə idi?

İndiyə qədər Naxçıvanda əsas söz sahibi Ali Məclis sayılırdı. Ali Məclis təkcə qanunverici orqan deyildi, eyni zamanda icra proseslərinə də real təsir imkanlarına malik idi. Nazirlər Kabineti Ali Məclisə tabe olurdu, rayon icra hakimiyyətlərinin fəaliyyətində yerli mexanizmlər mühüm rol oynayırdı. Yəni idarəetmə əsasən Naxçıvanın öz daxilində həyata keçirilirdi. Ali Məclisin sədri muxtar respublikanın ali rəhbəri hesab olunurdu.

Yeni dəyişikliklərlə bu sistem faktiki olaraq ləğv edilir:

-Ən mühüm yenilik ondan ibarətdir ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Konstitusiyada ayrıca təsbit olunur. Bu nümayəndə birbaşa Prezidentə tabedir və qanun qüvvəyə mindikdən sonra Naxçıvanda əsas icraedici fiqura çevriləcək. Yəni əsas qərarları artıq Ali Məclis yox, səlahiyyətli nümayəndə verəcək.

-Bundan başqa, Ali Məclis real səlahiyyətlərini itirir və əsasən formal qanunverici orqan kimi qalır, Nazirlər Kabineti Ali Məclisə tabe olmur, fəaliyyətini Prezidentlə razılaşdırır. Rayon icra hakimiyyətləri isə vahid mərkəzi sistemə bağlanır və səlahiyyətli nümayəndənin nəzarəti altına keçir;

-Ali Məclisin buraxılması səlahiyyəti birbaşa Prezidentə verilir.

Beləliklə, Naxçıvanda idarəetmə yerli mərkəzdən çıxarılaraq birbaşa Bakı mərkəzinə bağlanır.

Dəyişikliklərdə Naxçıvanın “Azərbaycanın ayrılmaz tərkib hissəsi” olduğu Konstitusiyanın Preambulasında da açıq şəkildə vurğulanır. Bu müddəa yeni olmasa da, verilən mesaj aydındır: Naxçıvanın öz daxilində müstəqil qərarvermə imkanları minimuma endirilir.

Qısaca desək, Ali Məclis illərlə daşıdığı real gücü itirir, səlahiyyətli nümayəndə Naxçıvanda əsas söz sahibinə çevrilir. Rayonlar vahid mərkəzdən idarə olunan sistemə daxil edilir.

"DİA-AZ"


Aknews.az

Xəbərlər