Bakıxanov qəsəbəsi ərazisində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin narazılığı getdikcə artır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, sözügedən obyektin fəaliyyəti bir sıra qanun pozuntuları ilə müşayiət olunur.
Daxil olmuş məlumata görə marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektin ərazisinə birləşdirib. Nəticədə, vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ictimai sahə faktiki olaraq zəbt edilib. Bu isə açıq şəkildə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normaların pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, ictimai istifadədə olan torpaq sahələrinin özbaşına zəbt olunması inzibati məsuliyyət yaradır.
Bununla yanaşı, zəbt olunmuş ərazidə meyvə-tərəvəz satışı təşkil edildiyi bildirilir.Satış zamanı məhsullardan gələn pullar kassa aparatına daxil edilmir. Bu isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların pozulması, yəni vergidən yayınma ehtimalını gündəmə gətirir. Vergi Məcəlləsinə əsasən, sahibkar həyata keçirdiyi bütün satış əməliyyatlarını rəsmiləşdirməli və uçota almalıdır.
Digər ciddi iddialardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, marketdə çalışan mühafizəçilərin və satıcıların bir qismi ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin tələblərinin pozulması deməkdir. Qanuna görə, əmək münasibətləri yalnız rəsmi müqavilə əsasında tənzimlənməli, işçilərin hüquqları qorunmalıdır.
Ortaya belə suallar çıxır,niyə bu qədər açıq qanun pozuntularına baxmayaraq, müvafiq qurumlar tərəfindən ciddi tədbir görülmür, nə üçün vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına, vergidən yayınma və qeyri-rəsmi məşğulluq hallarına göz yumulur?
Bu vəziyyət təkcə bir sahibkarın qanun pozuntusu deyil, həm də nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir. Qanun qarşısında hər kəs bərabərdir və heç bir obyekt “xüsusi toxunulmazlıq” statusuna malik ola bilməz.Məsələ ilə bağlı aidiyyəti qurumların – vergi, əmək və yerli icra strukturlarının təcili araşdırma aparması və qanunauyğun tədbirlər görməsi gözlənilir. Cəmiyyət isə haqlı olaraq sual edir: qanunlar hamı üçün keçərlidirsə, niyə “Möcüzə” Marketdə bu açıq pozuntulara susqunluq nümayiş olunur?Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən etmək üçün yaxın günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti-nə rəsmi sorğular göndəriləcək. Bu qurumların məsələyə münasibəti və mümkün susqunluğunun səbəbləri də ayrıca araşdırılaraq ictimaiyyətə açıqlanacaq.
nyus.az
Aknews.az