Şüvəlan qəsəbəsində yerləşən narşərab emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, 51A/2858A ünvanında fəaliyyət göstərən müəssisə fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus olub.
"Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib", - məlumatda qeyd olunub.
