Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun atası Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
Qətlin təfərrüatları barədə Modern.az-a qonşular məlumat verib.
Bildirilib ki, qaynatanın gəlinini öldürmə səbəbi onda olan şəhid ailələri üçün nəzərdə tutulan aylıq müavinət kartını mənimsəmək istəyi olub.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Belə ki, Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonra şəhid ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub. Lakin şəhidin atası Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.
“Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:
“Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub.
Gülüzar Məmmədova və şəhid Səxavət Məmmədovun iki övladı olub.
Aknews.az